Xəbərlər
Novruz bayramı milli-mənəvi dəyərləri ehtiva edir

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Novruz bayramı Azərbaycan mədəniyyətinin ən rəngarəng və ənənəvi bayramlarından biridir. Milli bayramımız olan Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərləşdiyi gündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayaraq bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Azərbaycan xalqının milli adət-ənənəsinə görə, Novruz bayramında qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.
Novruz çərşənbələri dörd fərqli elementi (su, od, hava (yel) və torpaq) təmsil edir. Hər çərşənbə müvafiq olaraq həyatın bu təbii elementlərinin əhəmiyyətini və onların insan həyatında rolunu qeyd edir. Çərşənbələrin hər biri xüsusi adətlər, yeməklər və mərasimlərlə qeyd edilir.
Ölkəmizdə Novruz bayramı müstəqillik illərində daha geniş qeyd olunub. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu Öndər tədbirlərdə, şənliklərdə etdiyi çıxışlarda Novruzun işğaldan azad olunmuş ərazilərimizdə də təntənə ilə qeyd olunacağını əminliklə bildirib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Dövlət başçısının rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı erməni işğalından azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını təntənəli şəkildə qeyd edirik.
Cənab İlham Əliyevin 20 mart 2021-ci il tarixində xalqa Novruz bayramı təbrikini Şuşadan ünvanlaması, Cıdır Düzündə tonqal qalaması bizlərin hər birini növbəti dəfə qürurlandırdı, eyni zamanda duyğulandırdı. Dövlətimizin başçısı qeyd edib: “Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Novruz bayramı tarixi kökləri və zəngin mədəniyyətə söykənərək, hər il təbiətin oyanışı və həyatın yenilənməsi ilə bərabər, insanların bir-birinə olan sevgisini və hörmətini daha da artırır. Bu bayram həm də xalqın milli kimliyini qoruyub saxlamaq, gələcək nəsillərə keçirmək üçün mühüm bir vasitədir. Novruzun verdiyi sülh və həmrəylik mesajı, xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.