YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı milli-mənəvi dəyərlərin təbliğ olunmasında mühüm əhəmiyyət kəsb edir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Novruz qədim tarixə və milli-mədəni dəyərlərə malik olan milli bayramımızdır. Əsrlər boyu - tarixin müxtəlif dövlərində Novruz milli adət, ənənələrimizi özündə ehtiva etməklə xalqımızın mədəni həyatında böyük əhəmiyyət kəsb etmişdir.

Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.

Qədim dövrlərdən xalqımız təbiətin oyanışını, baharın gəlişini Novruz bayramı kimi qeyd etmişlər. Azərbaycanın ən qədim mədəniyyət dövrünə aid olan Novruz ulu babalarımızın yaşadığı zamanlardan başlayaraq, xalqımızın həyatında unudulmaz bir yer tutmuşdur. Sovetlər dönəmində xalqımızın milli, mədəni və tarixi irsinin məhv edilməsi məqsədi ilə milli bayramımız olan Novruzun qeyd olunması rəsmi qaydada qadağan olunmuşdur. Lakin Ümummilli Lider Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq xalqımızın mədəni irsinin qorunmasını hər zaman ön plana çəkmişdir.

Qeyd edək ki, ötən əsrin 1990-cı illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Novruzun xalqın milli bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tarixi sərəncamından sonra bayram dəyərlərinə qayıdış güclənib və cəmiyyətin həyatına nüfuz etməyə başlayıb.

“Novruz bizim ümummilli bayramımızdır. Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!” kəlamını söyləmiş Ümummilli Lider Heydər Əliyev xalqımızın milli və mədəni irsinin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Hələ 1998-ci ildə keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev öz təbrik nitqində yaxın gələcəkdə Novruz bayramının işğal olunmuş ərazilərimizdə keçiriləcəyini bildirmişdir və bu arzu, istək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində gerçəkləşmişdir. 44 günlük şanlı Vətən müharibəsində və antiterror əməliyyatları zamanı torpaqlarımız düşmən tapdağından tam şəkildə azad edilmişdir.

Böyük qürur hissi ilə deyə bilərik ki, artıq Novruz tonqallarımız Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda və digər işğaldan azad olunan ərazilərimizdə qeyd olunur. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə isə cansağlığı arzulayırıq.