Xəbərlər
"YAP yarandığı vaxtdan ümumxalq partiyası kimi nüfuz qazanıb"

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı “Təbriz küçəsi 19” (Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris işləri üzrə direktor müavini Fuad Əliyev, mərkəzin Tədris şöbəsinin müdiri Nəzakət Allahverdiyeva cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin, şərəfli yoldan danışıblar. Bildirilib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov söyləyib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub: “Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha doğru daha inamla irəliləyir”.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Nəzakət Allahverdiyeva ərazi partiya təşkilatının sədri, Amin Nuriyev isə sədr müavini seçiliblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal rol oynayan partiya üzvlərinə təşəkkürnamə təqdim olunub.