Xəbərlər
YAP Binəqədi rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanındığını və nüfuz qazandığını söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlər əldə edir. Milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan nüfuzundan danışıb. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf etdiyi, regionun ən böyük siyasi təşkilatına çevrildiyi qeyd olunub.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir: “Öz fəaliyyətində Ümummilli Lider Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəflər – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır”.
Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin Uu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpası Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsidir.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Yeni Azərbaycan Partiyasının 32 ildən artıq dövr ərzində şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini bildirib. O, 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söyləyib. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzunun daha da artacağına əminlik ifadə olunub.
V.İsmayılov, həmçinin rayon təşkilatının fəaliyyətinə nəzər salıb, ötən 32 illik müddət ərzində YAP Binəqədi rayon təşkilatı üzvlərinin Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini xüsusi qeyd edib.
Natiqlər xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir edərək, ən xoş arzularını bildiriblər.
Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup fəala fəxri fərman və hədiyyələr, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir bədii hissə ilə davam edib.