YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı Soyqırımı: Tarixin Qanlı Səhifəsi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

26 fevral 1992-ci il Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi həkk olunub. Xocalı soyqırımı Ermənistanın işğalçı siyasətinin, mülki əhaliyə qarşı həyata keçirdiyi amansız cinayətlərin ən qanlı nümunəsidir. Bu faciə nəinki Azərbaycan xalqına, həm də bütün insanlığa qarşı törədilmiş bir soyqırımı aktıdır.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Ordusunun 366-cı alayının birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Müdafiəsiz şəhər vəhşicəsinə yerlə-yeksan edildi, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutuldu.

Xocalı sakinlərinin faciəli taleyi bu cinayətin miqyasını göz önünə sərir. 613 günahsız insan amansızcasına qətlə yetirildi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı idi. Bütöv ailələr yer üzündən silindi – 8 ailə tamamilə məhv edildi. İşgəncələrin miqyası insan ağlına sığmaz dərəcədə idi: 56 nəfər xüsusi amansızlıqla öldürüldü. 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq isə valideynlərindən birini itirərək yetim qaldı. Ümumilikdə 1275 nəfər əsir götürüldü, lakin onlardan 150 nəfərin taleyi hələ də naməlum olaraq qalır.

Xocalı şəhəri təkcə insan tələfatına deyil, eyni zamanda, mədəni irsə qarşı da vandalizmə məruz qaldı. İşğal nəticəsində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi dağıdıldı. XIV-XV əsrlərə aid tarixi abidələr, qəbiristanlıqlar yerlə yeksan edildi.

Xocalı soyqırımı dünyada müxtəlif ölkələr tərəfindən tanınaraq pislənilib. Bu hadisə haqqında beynəlxalq jurnalistlər öz məqalələrində yazıblar, hadisənin miqyasını dünyaya çatdırıblar. Fransa, Böyük Britaniya, Rusiya, ABŞ və digər ölkələrin media orqanları Xocalıda baş verən vəhşilikləri dəfələrlə işıqlandırıblar.

Bu günədək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Meksika, Pakistan, Peru, Sloveniya, İndoneziya və bir çox digər ölkələr Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul ediblər.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına start verilib. Kampaniya çərçivəsində dünya ictimaiyyətinin Xocalı həqiqətləri haqqında məlumatlandırılması istiqamətində genişmiqyaslı işlər aparılır.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etdi. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Xocalı tamamilə separatçılardan təmizləndi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı.

Azərbaycan dövləti Xocalının yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Artıq Xocalıda müasir infrastrukturun yaradılması üçün geniş tikinti və abadlıq işləri aparılır.

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Bu faciəni unutmaq, günahsız insanların xatirəsini unutmaq deməkdir. 26 fevral hər il sükut dəqiqəsi ilə qeyd edilir, dünyaya Xocalı həqiqətləri çatdırılır. Azərbaycan xalqı Xocalının qisasını aldı, lakin ədalət tam bərqərar olana qədər mübarizəsini davam etdirəcəkdir.

DİGƏR Xəbərlər Arxiv