YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə Ümummilli Liderin siyasi hakimiyyətə gəlişinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin dövlətçilik fəaliyyətinin hər iki dövrünü əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Azərbaycan xalqının müasir tarixində 14 iyul 1969-cu il xüsusi əhəmiyyətə malikdir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə respublikanın bütün sahələrində dinamik inkişaf mərhələsi başlanıb. Vurğulanıb ki, 1970-1980-ci illərdə Ulu Öndərin şəxsi təşəbbüsü və diqqəti sayəsində Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialı formalaşdırılıb, SSRİ-nin 50-dən artıq şəhərində yerləşən 170-dən çox nüfuzlu ali təhsil müəssisəsində 15 mindən artıq azərbaycanlı gənc təhsil alaraq yüksəkixtisaslı mütəxəssis kimi yetişib.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli qeyd edib ki, 1969-cu il iyulun 14-də Azərbaycanda baş verən siyasi hakimiyyət dəyişikliyi xalqımızın taleyində yeni tarixi mərhələnin başlanğıcı olub. Bildirilib ki, həmin tarix respublikanın inkişaf strategiyasının əsasının qoyulduğu gün kimi ölkəmizin bütün bölgələrində ehtiramla yad edilir və müasir Azərbaycanın yüksəlişinin başlanğıcı kimi dəyərləndirilir.

Tədbirdə YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyyə Seyidova, “Kürdəmir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktor müavini Cəmilə Məmmədova və Kürdəmir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və biblioqrafiya şöbəsinin müdiri Şahnaz Məcidova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi və ölkənin sosial-iqtisadi tərəqqisi istiqamətində həyata keçirdiyi mühüm xidmətlərdən bəhs ediblər.