YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın cinayətkar siyasəti: Etnik təmizləmənin ağır nəticələri

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

1992-ci il fevralın 25-dan 26-na keçən gecə Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xocalı erməni silahlı birləşmələrinin təcavüzü nəticəsində xarabalığa çevrilib. Erməni vandalları şəhəri tərk etməyə macal tapmayan xocalılılara divan tutdular. Xocalıda törədilmiş vəhşilik Ermənistanın etnik təmizləmə siyasətinin növbəti mərhələsi oldu. İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

Törətdikləri cinayətləri gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, erməni vəhşiləri hətta xarici mətbuata müsahibələr verirdilər. Müsahibə zamanı Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşi cinayət əməllərinə haqq qazandırıb öyünürdülər. Nümunə üçün Sarkisyanın bu sözlərini xatırlamaq kifayətdir. “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə qarşı silah qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”.

Ortada bu qədər dəhşətli faktlar olmasına baxmayaraq, insanlığa qarşı bu dəhşətli cinayəti törədənlər beynəlxalq məhkəmələr tərəfindən mühakimə olunmayıb və cəzasız qalıblar. Təəssüflər olsun ki, Xocalı faciəsi baş verdiyi dönəmdə ölkəmizin o vaxtkı rəhbərliyinin səriştəsiz siyasəti nəticəsində nəinki soyqırımını törədən erməni faşistləri qınağa tuş gəlmədi, heç faciənin miqyası, səbəbkarları barədə dövlət səviyyəsində araşdırma belə aparılmadı. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.

Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

Hələ də Xocalı faciəsinin törədənlər beynəlxalq ədalət məhkəməsində mühakimə olunmayıb. Amma 44 günlük Vətən müharibəsində biz qisasımızı döyüş meydanında aldıq. Özlərini güclü, qüvvətli hesab edən Ermənistan ordusu darmadağın edildi və nəhayət diz çökdü. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bütün dünyaya öz gücü göstərdi.