Xəbərlər
Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Bəşər tarixində ən qanlı cinayət sayılan Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan Xocalı soyqırımı aktı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermişdir. Bu dəhşətli, dünyada qəddarlığına görə tayı-bərabəri olmayan soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər Xocalı soyqrımı haqqında fikirlərini belə ifadə etmişdir: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş təzahürüdür”.
Məhz Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü” haqqında qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 25 fevral 1997-ci il tarixli hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtdırmaq üçün daim genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə səmərəli fəaliyyəti xüsusilə qeyd olunmalıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə fəaliyyəti danılmazdır. Onun təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Bu kampaniya dəhşətli soyqrımın bütün dünyada tanıdılması istiqamətdə atılan ən önəmli addımlardandır. Həmin kampaniyaya start verildikdən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etmişdir.
27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında qalan torpaqlarımızı azad etməklə tarixi Zəfər əldə etdi. Şanlı ordumuz bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının da qisasını aldı.
Hazırda işğaldan azad olunmuş ərazilərdə olduğu kimi, Xocalıda da geniş quruculuq işləri aparılır. Xocalı şəhəri yenidən qurulur və bu proses sürətlə davam etdirilir. İşgaldan azad edilmiş ərazilərdə aparılan planlı, genişmiqyaslı quruculuq işləri deməyə əsas verir ki, qısa zamanda, bu ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.