Xəbərlər
Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
5 ilə yaxındır ki, ən dəhşətli soyqırımılardan biri olan Xocalı faciəsinin qisası döyüş meydanında alınıb. 1992-ci il fevralın 25-dan 26-na keçən gecə ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədiblər. Bu cinayətlər faktiki olaraq soyqırımı aktıdır, çünki “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyanın tələblərinə tam uyğundur. Xocalıda xüsusi qəsd amili ilə törədilən bu vəhşiliklər uşaqların, qadınların qəddarcasına qətlə yetirilməsi ilə bərabər bir neçə digər maddəni də əhatə edir.
Xocalı 1991-ci ilin oktyabrından etibarən mühasirəyə alındı, 1992-ci ilin 28 yanvarında isə sonuncu helikopter Xocalıya eniş edə bildi. Bu tarixdən sonra Xocalı ilə əlaqə kəsildi və şəhər tədricən soyqırımına doğru sürükləndi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardından Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə Xocalı şəhərini işğal etdilər. Şəhər darmadağın edildikdən sonra dinc əhaliyə qarşı xüsusi amansızlıqla soyqırımı törədildi. Bu soyqırımı nəticəsində 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qaldı. 487 nəfər bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlardan əlil oldu, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın qəddarcasına öldürüldü.
Ermənistanın Azərbaycan ərazisində apardığı müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı beynəlxalq konvensiyalar və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır. Ermənistan tərəfindən törədilən bu hərəkətlərə qarşı beynəlxalq təşkilatlar tərəfindən verilən reaksiyalar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı dövlət olaraq tanıması mühüm əhəmiyyət kəsb edir. Xocalı soyqırımı heç vaxt unudulmayacaq və bu faciə Azərbaycan xalqının qan yaddaşında həmişə qalacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünya miqyasında aparılan “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verir. Prezident İlham Əliyev də bildirib ki, Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Nəhayət, Xocalı soyqırımının qisası döyüş meydanında alındı, ərazi bütövlüyümüz təmin edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu.
2023-cü ilin 19-20 sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra Xocalıda həyat yenidən canlanmağa başladı və hazırda bərpa işləri sürətlə davam edir. Xocalı məcburi köçkünləri tezliklə öz ata-baba yurdlarına qayıdacaq, burada təhlükəsiz və xoşbəxt bir həyat sürəcəklər.