YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqazda sülh quruculuğu qlobal siyasi-humanitar gündəliyin mühüm tərkib hissəsidir

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi həyata keçirilən dövlət siyasətinin mahiyyətinə, humanizmə söykənən idarəçilik fəlsəfəsinə və regional sülh təşəbbüslərinə verilən beynəlxalq dəyərin ifadəsidir. Dövlətimizin başçısının həmin mərasimdəki çıxışı müasir dövrdə sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma ideyalarının hansı istiqamətdə inkişaf etməli olduğuna dair mütərəqqi siyasi baxış ortaya qoyub.

Şeyx Zayedin adını daşıyan mükafatın təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Çünki bu mükafat sülhə xidmət edən liderlərin fəaliyyətini dəyərləndirir. Prezident İlham Əliyevin həmin siyahıda yer alması göstərir ki, Azərbaycan artıq təkcə regional aktor kimi deyil, həm də qlobal humanitar gündəliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi qəbul olunur.

Dövlətimizin başçısının çıxışında səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, aparılan siyasətin mərkəzində insan amili dayanır. Multikulturalizm, dinlərarası dialoq, tolerantlıq mühiti artıq uzun illər dövlət strategiyasının ayrılmaz hissəsinə çevrilib. Müxtəlif mədəniyyətlərin və konfessiyaların sülh şəraitində birgə yaşaması modeli artıq beynəlxalq səviyyədə nümunə kimi göstərilir. Məhz bu yanaşma “insan qardaşlığı” ideyasının praktik ifadəsidir. Əbu-Dabidə keçirilən mərasim həmin dəyərlərin yalnız nəzəri konsepsiya deyil, real siyasi xətt olduğunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında qeyd olunan məqamlardan biri regionda sülh prosesinə dair verilən mesajlar idi. Onilliklər boyu davam edən qarşıdurmadan sonra sabitlik mərhələsinə keçidin mümkünlüyü artıq faktlarla təsdiqlənir. Dövlətimizin başçısının “Biz sülh şəraitində yaşamağı öyrənirik” ifadəsi dərin siyasi məna daşıyır. Bu amillər sadəcə diplomatik bəyanat deyil, yeni reallığın təntənəsidir. Çünki sülhün təmin olunması yalnız sənədlərin imzalanması ilə deyil, qarşılıqlı etimadın qurulması, iqtisadi münasibətlərin bərpası və əməkdaşlıq mühitinin yaradılması nəticəsində mümkündür. Vaşinqtonda keçirilmiş Zirvə Görüşündən sonra əldə olunan razılaşmalar, sülh sazişinin paraflanması, nəqliyyat və ticari əlaqələrin bərpası artıq münasibətlərin praktik müstəviyə keçdiyini göstərir. Bütün bunlar region üçün tarixi dönüş nöqtəsidir.

Son aylar ərzində atılan addımlar göstərir ki, yeni mərhələ yalnız siyasi dialoqla məhdudlaşmır. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji məhsullarının ixracına başlanılması, ticari münasibətlərin genişləndirilməsi qarşılıqlı asılılığı artırmaqla dayanıqlı sabitlik üçün zəmin yaradır. Bu yanaşma müasir beynəlxalq münasibətlərdə sınaqdan çıxmış modeldir. İqtisadi inteqrasiya münaqişə risklərini minimuma endirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də məhz bu praqmatik prinsiplərə əsaslanır. Dövlətimizin başçısının mərasimdəki çıxışında vurğuladığı kimi, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir: “Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.

Mərasimin keçirildiyi məkan da xüsusi əhəmiyyət daşıyır. Son danışıqların məhz Əbu-Dabidə aparılması və sülhə aparan razılaşmanın burada əldə olunması Birləşmiş Ərəb Əmirliklərinin prosesə verdiyi dəstəyi göstərir. Bu faktorlar dostluq münasibətlərinin real nəticələrlə müşayiət olunduğunu sübut edir. Beləliklə, Əbu-Dabi təkcə diplomatik görüşlərin keçirildiyi şəhər deyil, həm də regional sülh təşəbbüslərinin formalaşdığı mühüm platforma kimi çıxış edir.

Bugünkü reallıq onu göstərir ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində fərqli status qazanıb. Enerji təhlükəsizliyinə töhfə verən, nəqliyyat marşrutlarının kəsişməsində yerləşən, eyni zamanda sülh təşəbbüsləri ilə çıxış edən etibarlı tərəfdaş obrazı formalaşıb. “Zayed İnsan Qardaşlığı Mükafatı” bu imicin beynəlxalq təsdiqidir. Bu mükafat dövlətimizin başçısının həyata keçirdiyi siyasətin yalnız regional deyil, qlobal miqyasda da qəbul edildiyini göstərir.

Beləliklə, Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi həm dövlətimizin beynəlxalq nüfuzunun artmasının, həm də sülh və əməkdaşlıq siyasəti əsasında əldə edilən uğurun bariz nümunəsidir. Bu gün formalaşan yeni reallıqlar göstərir ki, regionda sabit gələcəyin təməli artıq qoyulub və bu yol ardıcıl şəkildə davam etdirilir.