YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Prezidenti iki ölkənin xalqlarının ortaq tarixi, mədəni və dini köklərinin olduğunu, xalqlarımızın yaxınlığını vurğuladı.

Son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasını məmnunluqla qeyd edən Prezident İlham Əliyev bunu əlaqələrimizin dinamik surətdə inkişafının təzahürü kimi qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimizin parlamentlərarası əlaqələrinin genişləndiyini qeyd etdi və İran İslam Şurası Məclisinin sədrinin Azərbaycana səfərinin bu əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti iqtisadi-ticari, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu. Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu dəhlizin Azərbaycana aid olan hissəsində yükdaşıma imkanlarının artırılması üçün ölkəmiz tərəfindən zəruri işlərin görüldüyünü dedi. Dövlətimizin başçısı Ağbənd keçidinin inşası istiqamətində fəaliyyətin intensiv şəkildə həyata keçirildiyini və bu layihənin regionun nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini qeyd etdi.

Prezident İlham Əliyev regional məsələlərin region ölkələri tərəfindən həll edilməli və bölgədənkənar qüvvələrin regiona müdaxiləsinin qəbuledilməz olduğunu dedi, 3+3 formatının əhəmiyyətini vurğuladı.

Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarının Məsud Pezeşkiana çatdırılmasını xahiş etdi.

Qonaq Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının Bakıda yüksək səviyyədə təşkil olunduğunu söylədi, iki ölkə arasında səfərlərin intensiv xarakter daşımasından məmnunluğunu diqqətə çatdırdı.

Azərbaycan ilə İran arasında iqtisadiyyat, ticarət, elm, texnologiya, səhiyyə sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanların olduğunu vurğulayan Məhəmməd Baqir Qalibaf bu xüsusda hökumətlərarası komissiyanın işinin daha da intensivləşdirilməsinin vacibliyinə toxundu.

Ölkəsinin Azərbaycanla birlikdə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında ortaq maraqları bölüşdüyünü deyən qonaq İranın regionun məsələlərinin region ölkələri tərəfindən həll edilməsi yanaşmasını dəstəklədiyini bildirdi. O, Azərbaycan ilə İranın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini və yaxından əməkdaşlıq etdiklərini vurğulayaraq, 3+3 formatının əhəmiyyətini qeyd etdi.

Məhəmməd Baqir Qalibaf dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

DİGƏR Xəbərlər Arxiv