Xəbərlər
Səfər quruculuq işlərinin yüksəlişini təmin edəcək

Səbinə Xasayeva
Milli Məclisin deputatı
Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, tarixi Zəfər qazanıldı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu qələbə dünyanın nizamını dəyişdi. Azərbaycanın dünya dövlətləri arasında siyasi nüfuzu artdı, dünya dövlətləri Azərbaycanı dünyəvi dövlət kimi, Azərbaycan vətəndaşlarını vətənsevər, torpaqsevər, qətiyyətli vətəndaş kimi tanıdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətlə dediyi bir fikir – “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” hər bir azərbaycanlının qürurudur. Həyat fəlsəfəsinin mahiyyətidir.
Azərbaycanın ərazisi tam bərpa olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işləri başladı. Həm də böyük vüsət aldı. Bu, Azərbaycanın dövlətçiliyinin, Azərbaycan dövlətinin qüdrəti kimi tarixləşəcək. Zəngilanda. Qubadlıda, Cəbrayılda, Füzulidə, Xocalıda, Xankəndidə, ümumın işğldan azad edilmiş bütün ərazilərdə möhtəşəm quruculuq işləri uğurla davam etdirilir. İri miqyaslı quruculuq işlərinin açılışında dövlət başçımızın iştirakı, təməlqoyma mərasimlərində çıxışları, Vətən müharibəsində xalqa müraciətlərində yaşadılan inamı quruculuq işlərində də eyni qətiyyətlə yaşadır. Xalq inanır ki, Azərbaycan quruculuq işlərində də böyük Zəfər qazanacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri təkcə qayıdışın uzaqda olmadığını xatırlatmaqdır. Tikilən, qurulan yaşayış məntəqələrinə qayıdanların sevinci cəmiyyətin sevincidir və kəndlərində quruculuq işləri gedənlər əmindirlər ki, yaxın vaxtlarda onlar da dövlətin qayğısı ilə yenidən qurulmuş kəndlərində abad mənzillərinə qayıdacaqlar.
Dövlət başçımızın regionlara səfərlərini dogma kəndlərinə qayıtma niyyətində olan köçkünlər daha həssaslıqla izləyirlər. Onlara elə gəlir ki, bu səfərlər quruculuq işlərinin dinamikasını yüksəldir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri Azərbaycan ictimaiyyətinin böyük marağındadır, bu səfəri dogma yurda qayıdacaqları günü gözləyənlər daha böyük həssaslıqla izlədi. Sevgi ilə, istəklərlə, ümidlə.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın Ağdama səfəri quruculuq işlərinin nəzərdə tutulan vaxtda başa çatacağının zəmanətidir.
Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Tədris-Təhsil Kompleksinin açılışında iştirak ediblər, Ağdam şəhərində inşa edilən Hilton Garden Inn otelinin tikinti işləri ilə tanış olublar. Azərbaycan Respublikasının Prezident İlham Əliyev Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini rəsmi istifadəyə verib.
Bunlar Ağdamın sabahlarına açılan quruculuq pəncərələridir. Bu pəncərələrdən Ağdam elə gözəl görünəcək ki! Sənaye müəssisələri onun iqtisadi inkişfını, otel bu tarixi şəhərə turist axını olacağını, Rəqəmsal İdarəetmə Mərkəzininin istifadəyə verilməsi Ağdamda intellekt inkişafının, formalaşmasının işığıdır. Bu işıq Ağdamda tikinti-quruculuq işlərinin daha da sürətlə davam edəcəyinin işığıdır. Bu işıq Azərbaycanın sabahlarının işığıdır!..
Səfər zamanı dövlət başçımız və birinci vitse-prezident Ağdam Muğam Mərkəzinin tikinti işləri və Ağdam Residence yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Dövlət başçımız Ağdam şəhərində inşa edilən 1267 mənzildən ibarət ikinci yaşayış kompleksinin tikinti işlərinə baxış keçirib.
Zamanında Ağdam Qarabağın ən böyük və ən qaynar rayonlarından biri olub. Quruculuq işlərindən sonra böyüklük də bərpa olunacaq, qaynarlıq da, sənayenin, iqtisadiyyatın, mədəniyyətin inkişafı da. Bu inam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfərindən sonra daha dönməzliklə yaşanılır…