Xəbərlər
YAP Masallı rayon təşkilatının təsis edilməsinin 32 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə rayonun fəal qadınlarının iştirakı ilə “Müdrik Azərbaycan qadını” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Masallı rayon təşkilatının əməkdaşı Səbinə Səlimova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Boradigah 2 saylı tam orta məktəbin direktoru Məhbubə Şahbazova, fəal qadınlardan Gülyanaq Ağayeva, Həlimə Məlikova və digərləri çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır: “Bu gün bu maraqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur”.
Natiqlər qadınların cəmiyyət həyatında rolunun müstəsna əhəmiyyət kəsb etdiyini deyiblər. Ümummilli Lider Heydər Əliyevin respublikamızda rəhbərliyə gəldikdən sonra Azərbaycanda cəmiyyətin inkişafında qadınların rolunun artmağa başladığı vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlardır.
O da diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub.