Xəbərlər
Geosiyasi məsələlər və regional əməkdaşlıq perspektivləri

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycanın siyasi kursu beynəlxalq müstəvidə uğurlu model kimi qiymətləndirilir. Prezident İlham Əliyevin daxili və xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində fəal aktor kimi çıxış edərək, milli maraqlarına uyğun şəkildə beynəlxalq siyasi arenaya uğurla inteqrasiya edir.
Bu gün ölkəmiz regionda etibarlı enerji tranzit mərkəzi və mühüm iqtisadi tərəfdaş kimi tanınır. Azərbaycanın siyasi nüfuzu və iqtisadi potensialı onun beynəlxalq əlaqələrdə mövqeyini gücləndirir. Bu nailiyyətlərin əsasını isə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası və məqsədyönlü islahatlar təşkil edir. Xüsusilə enerji sektorunda aparılan islahatlar ölkənin qlobal enerji bazarındakı mövqeyini daha da möhkəmləndirməkdədir.
Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Müsahibə zamanı dövlətimizin başçısı bir sıra siyasi və iqtisadi məsələlər barədə danışaraq bildirib ki, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır: “Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik”.
Azərbaycanın bir sıra inkişaf etmiş ölkələrlə enerji sahəsində əməkdaşlıq əlaqələri böyük əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində dünyada əhəmiyyətli bir rol oynayır. Eyni zamanda, ölkəmizin enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti həm regional, həm də beynəlxalq miqyasda gündən-günə artır.
Dövlətimizin enerji resursları və tranzit imkanları beynəlxalq əməkdaşlığın genişlənməsinə təkan verir. Ölkə, xüsusilə neft və qaz ehtiyatları ilə Avropa və Asiya bazarları arasında mühüm körpü rolunu oynayır. Azərbaycanın strateji mövqeyi enerji marşrutlarının təhlükəsizliyini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən, ölkə beynəlxalq enerji təşkilatları ilə əlaqələrini daha da gücləndirərək, qlobal enerji təchizatı şəbəkələrində iştirakını artırır. Həmçinin, Azərbaycanın enerji sahəsindəki uğurları, xarici sərmayə yatırımları üçün cəlbedici mühit yaradır, bu da iqtisadi inkişafı dəstəkləyir.