YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Orta dəhliz tranzit imkanları ilə yanaşı, biznes, sabitlik və təhlükəsizlik mühiti yaradır

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir sıra mühüm mühüm mövzulara toxunub. Həmin mövzular içində Çinlə münasibətlər, Azərbaycanın şaxələnmiş xarici siyasəti, Orta dəhliz və digər istiqamətlər xüsusi aktuallıq kəsb edir. Azərbaycan - Çin münasibətləri qədim tarixə malikdir. Bu gün də hər iki ölkə əməkdaşlığın daha da inkişafında, irəliyə aparılmasında maraqlıdır. Ötən il Azərbaycan - Çin münasibətlərində xüsusi bir il oldu. Belə ki, iki ölkə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı.

Prezident İlham Əliyev müsahibəsində bu məqama toxunaraq deyib: "Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Bu gün Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdür. Azərbaycan həm də o baxımdan güclüdür ki, bu gün Azərbaycan özünü təmin edən iqtisadiyyat yaratmağı bacarıb və bununla da Cənubi Qafqaz və Xəzər regionunun aparıcı aktorudur.

Orta Dəhlizin əhəmiyyətinə toxunan dövlət başçısı deyib ki, bu, sözsüz ki, alternativ təklif edir, biznes imkanlar təmin edir: “Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır”.

Prezident bildirib ki, ötən müddət ərzində Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib: “Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək”.

Orta Dəhliz Çindən Avropaya yük daşımalarını həyata keçirən əsas ticarət yollarından biridir. Bu dəhliz Azərbaycan üzərindən keçdiyinə görə, onun infrastrukturu təkcə iqtisadi deyil, həm də siyasi cəhətdən böyük əhəmiyyət daşıyır. Orta Dəhlizin Azərbaycan seqmentinin təkmilləşdirilməsi ölkənin regional tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bu isə bölgədə yeni coğrafi xəritəni cızır. Xüsusilə, Mərkəzi Asiya və Avropa arasındakı əlaqələrdə Azərbaycan strateji mərkəz rolunu oynayır. Bu layihə Azərbaycanın strateji mövqeyini gücləndirərək, regional və qlobal siyasətdə daha təsirli oyunçu olmasına şərait yaradır.

Çin və Azərbaycanın qlobal ticarətə töhfə verəcək ən mühüm layihə olan Orta Dəhlizlə bağlı birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Çin Cənubi Qafqazdakı proseslərlə bağlı daim balanslı siyasət yürütməyə çalışır. Bu gün biz Çinin Cənubi Qafqazda həm Gürcüstana, həm Ermənistana, həm də Azərbaycana artan marağına şahidlik edirik. Amma əlbəttə, Çinin “Bir kəmər, bir yol” layihəsi, eyni zamanda Avropaya alternativ olaraq orta xətlə çıxışı məhz birbaşa olaraq Azərbaycandan və Azərbaycanın mövqeyindən asılıdır.

Azərbaycan isə qədim “İpək yolu” layihəsinin tərkib hissəsi olmaqla, Çinin 2013-cü ildə elan etdiyi müasir “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz resursları hesabına ciddi töhfələr verir. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və Bakı – Tbilisi-Qars dəmiryolu bu istiqamətdə vacib seqmentlərdir. Belə ki, Azərbaycan maliyyəsi hesabına Bakı-Tbilisi-Qars dəmir yolunun yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırıldı. O cümlədən, Bakı-Böyük Kəsik dəmir yolunun təkmilləşdirilməsi ilə bağlı işlərin böyük hissəsi görülüb. Həmçinin, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Artıq bu istiqamətdə işlər sürətləndirilib. Eyni zamanda, bununla bağlı 2026-cı ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişdiricilərin əsaslı təmiri nəzərdə tutulub. Digər tərəfdən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması ilə bağlı işlər görülür. Bütün bunlarda məqsəd Azərbaycanın tranzit qabiliyyətini artırmaqdır. Çindən başlayan və Avropaya qədər uzanan layihənin mahiyyəti ondan ibarətdir ki, Çindən ixrac edilən mallar zamana qənaət və əlverişli tranzit rüsumları ilə Avropaya çatsın. Əlbəttə ki, bu, həm Çin-Avropa ticarət əlaqələrində sabit tranzit ölkə kimi Azərbaycanın rolunun artmasına xidmət edir, həm də həyata keçirilən bu cür perspektivli layihələr beynəlxalq əməkdaşlıq yolunda geniş imkanlar açır.

Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrini təmin edən strateji nəqliyyat marşrutu kimi Xəzər dənizini, Qafqazı və Türkiyəni əhatə edərək, məhsulların sürətli və təhlükəsiz şəkildə daşınmasını məqsəd qoyur. 2024-cü ildə Orta Dəhlizlə daşınan yüklərin ümumi həcmi 7.980,6 min ton olub. Daşımaların 45,2%-i dəmir yolu, 31,7%-i avtomobil nəqliyyatı və 23,1%-i isə dəniz nəqliyyatı ilə həyata keçirilib. Tranzit yüklərin payı 60,2%-i təşkil edib. Orta Dəhliz vasitəsilə yükdaşımaların artması ilə əlaqədar olaraq, Azərbaycan ərazisində müxtəlif məhsul istehsal edən müəssisələr və logistika mərkəzlərinin qurulması planları var.

Həm Çin, həm də Azərbaycan Orta Dəhliz və digər strateji layihələr çərçivəsində qarşılıqlı ticarət əlaqələrini daha da gücləndirmək üçün müxtəlif addımlar atırlar. Bunun nəticəsi olaraq iki ölkə arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli şəkildə artıb. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3 milyard dollardan çox olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,14% artım deməkdir. Bu dövr ərzində Azərbaycanın ixracı 1,5 milyard dollar, idxalı isə 1,5 milyard dollar təşkil edib. Nəticədə, iki ölkə arasında ticarət balansı tarazlı olub. Bu rəqəmlər iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndiyini və qarşılıqlı ticarətin inkişaf etdiyini göstərir.