Xəbərlər
Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malikdir

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi ölkə və dünya mətbuatında geniş müzakirə olunur. Dövlətimizin başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir.
Dövlətimizin başçısı həmin müsahibəsində Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan, Ümumdünya Ticarət Təşkilatına üzv daxil olmaq üçün aparılan danışıqlardan, hər bir ölkənin inkişafında möhkəm təməlin rolundan, ölkəmizin ikitərəfli əməkdaşlıqda Cin ilə əlaqələrə böyük önəm verməsindən, Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələrindən və sair kimi məsələlərdən geniş bəhs edib.
Ölkəmizin ev sahbiliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Ölkəmizin ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına- COP29-a ev sahibliyi bunun bariz nümunəsi oldu. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun aydın ifadəsini yaradır.
Müsahibədə Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında mövcud əlaqələrə də toxunub: “Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və yenidən başlayacağıq".
Bəli, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.