YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Çin münasibətləri yeni mərhələdə

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi ölkəmizin bu uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı.  Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də həmin televiziya kanalında yayımlandı.

Müsahibə, eyni zamanda, dünyanın fövqəldövləti hesab edilən Çin Xalq Respublikasının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi önəmə də işıq saldı. Qeyd edək ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqustunda Çinin ölkəmizdə səfirliyi açılıb. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafı üçün münbit zəmin yaradır. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etdiyini görürük. Suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür.

Azərbaycan ilə Çin arasında münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafı da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev müsahibəsində vurğuladı ki, qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur: “Gözləntilər çox böyükdür. Lakin istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir”.

O da bildirildi ki, bu yaxınlarda Çin vətəndaşları viza almaq tələbindən azad edildi. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi rəsmi diplomatik kanallardan istifadə edirik.  Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcək.

Prezident İlham Əliyev Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələrinə xüsusi diqqət yönəltdi. Vurğuladı ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.

İstənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Prezident İlham Əliyev qeyd etdi ki, Qlobal Cənubun bir hissəsi olaraq Qlobal Cənubun maraqlarını müdafiə etmişik və COP29-da  ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi.

Müsahibədə müzakirə edilən məsələlərdən biri də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunmaq istəyi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, baxmayaraq, uzun illərdir, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindədir: “Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf proteksionizm, ikili standartlar, tariflərdir - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Bu ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir. Buna görə də danışıqlar prosesindəyik”.

Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycan daim əməkdaşlığa xüsusi önəm verir. Xarici siyasətimizin dəyişməz prinsipləri yeni dostların, tərəfdaşların qazanılmasını şərtləndirir.  

DİGƏR Xəbərlər Arxiv