Xəbərlər
Azərbaycanın “yaşıl enerji” strategiyası: dayanıqlı inkişafa və səmərəli beynəlxalq əməkdaşlığa mühüm töhfə

Nurlan Həsənov
Milli Məclisin deputatı
Yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə Azərbaycanın obyektiv mövqeyi, iqtisadi inkişaf strategiyası və qlobal proseslərdə rolu barədə danışıb. Dövlət başçısı müsahibədə ölkəmizin suverenliyinin tam bərpası, regional və beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar, enerji siyasəti və liderlik prinsipləri barədə mühüm məqamları diqqətə çatdırıb.
Cənab İlham Əliyev Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi ölkəmizin ərazi bütövlüyünün tam bərpasını vurğulayıb. O, qeyd edib ki, bu addımlar beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həyata keçirilib. Lakin uzun illər ərzində beynəlxalq hüququn tələblərinin yerinə yetirilməməsi və beynəlxalq təşkilatların təsirsiz qalması Azərbaycanın öz gücünə bu tarixi vəzifəni icra etməsini zəruri edib. Bu yanaşma göstərir ki, müasir dünyada dövlətlər öz maraqlarını qorumaq üçün müstəqil qərarlar qəbul etməli və öz haqlarını müdafiə etməyə qadir olmalıdırlar.
Dünyada gedən ictimai-siyasi proseslər fonunda Azərbaycan regional lider kimi mövqeyini gücləndirməyə davam edir. Müsahibədə ölkənin iqtisadi inkişaf modeli barədə danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan özünü təmin edən güclü iqtisadiyyat qurmağa nail olub. Xarici borcun ÜDM-ə nisbətinin cəmi 6,9% təşkil etməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və regional bağlantıların yaradılması Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqeyini təsdiqləyir.
Dövlətimizin siyasi-iqtisadi sferalarda aktiv iştirakı və beynəlxalq təşkilatlarda böyük nüfuz qazanması sözügedən müsahibənin müzakirə mövzularından biridir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Qoşulmama Hərəkatına uğurlu sədrliyi ölkənin diplomatik uğurlarının bariz nümunəsidir. Bu, Azərbaycanın beynəlxalq arenada sabit və etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir.
Həmçinin, enerji sektorunda aparılan islahatlar və Azərbaycanın qazıntı yanacaqlarından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yönəltməsi müsahibədə qeyd olunan məqamlarından biridir. Dövlət başçısı Azərbaycanın 2027-ci ilə qədər 2 giqavat, 2030-cu ilə qədər isə 6 giqavat günəş və külək enerjisi hasil etməyi hədəflədiyini bildirib. Bu, ölkənin enerji təhlükəsizliyi sahəsində inqilabi addım hesab edilir.
Həmin layihələrə sərmayə qoyan xarici və yerli investorlar Çin texnologiyalarından faydalanır, sözügedən sahədə keyfiyyətli məhsul, xüsusən günəş panelləri və batareyaları bu tərəfdaş ölkədə istehsal olunur. Azərbaycan Prezidenti bu texnologiyaların yüksək keyfiyyət və rəqabət qabiliyyətinə malik olduğunu qeyd edərək, Çin istehsalçılarını həmin sahədə möhtəşəm uğurları münasibətilə təbrik edib. Azərbaycanın yaşıl enerji sahəsində strateji yanaşması həm daxili bazarda, həm də beynəlxalq müstəvidə ciddi maraq doğurur. Bu addımlar ölkəmizin uzunmüddətli enerji təhlükəsizliyi və daha təmiz enerji mənbələrinə keçidə imkan verir.
Müsahibədə cənab İlham Əliyev liderlik anlayışına dair mühüm fikirlərini də bölüşüb. O, Liderin ən vacib vəzifəsinin öz xalqına ədalətli olmaq və həqiqəti söyləmək olduğunu vurğulayıb. Məhz Azərbaycanın bu yolla böyük nailiyyətlər əldə etməsi və dövlət başçısının hakimiyyəti dövründə verdiyi bütün vədləri yerinə yetirməsi, o cümlədən ölkəmizin suverenliyi və ərazi bütövlüyününün təmin edilməsi xüsusilə əhəmiyyətlidir. Bu fikirlər, ümumilikdə, liderlik və idarəetmə prinsipinə dair beynəlxalq səviyyədə müsbət qəbul edilən bir yanaşmadır.
Azərbaycan üçün əsas prioritetlərdən biri də davamlı inkişaf və iqtisadi sabitliyin təmin edilməsidir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi strateji layihələr, həmçinin digər ölkələrlə əməkdaşlıqda sabitlik və qarşılıqlı faydalı əlaqələrin qurulmasına töhfə verir. Bu siyasət ölkənin iqtisadi inkişafını davamlı və müstəqil şəkildə tam təmin etməyə imkan verir, eyni zamanda dünya bazarlarında daha güclü mövqe qazanmasına şərait yaradır. Azərbaycanın həyata keçirdiyi layihələr, xüsusilə enerji və nəqliyyat sahələrində regional və beynəlxalq səviyyədə əməkdaşlığın genişlənməsinə dəstək verir.
Beləliklə, Prezident İlham Əliyevin bu müsahibəsi ölkənin regional münasibətlərdə strateji əhəmiyyəti, dünya birliyində rolunun artdığını və qlobal enerji sahəsində hədəflərini ətraflı şəkildə nümayiş etdirir. Azərbaycanın daxili və xarici siyasəti ölkəmizin suverenliyini və müstəqilliyini qorumaqla yanaşı, onu qlobal enerji bazarlarında da mühüm aktorlardan birinə çevirir. Bu proseslər ölkənin müxtəlif beynəlxalq platformalarda, xüsusilə regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahəsində mühüm mövqeyini daha da gücləndirir. Müstəqil siyasət dövlətimizin gələcəkdə beynəlxalq arenada öz mövqeyini qoruyacağını əmin şəkildə göstərir.