Xəbərlər
Nəqliyyat islahatları: Davamlı inkişaf və strateji yanaşmalar
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu sahədə həyata keçirilən layihələr barədə geniş məlumat verib. Dövlət başçısı ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisinin ildən-ilə artdığını, son 30 il ərzində Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatdığını, hətta o rəqəmi də ötdüyünü söyləyib. Qeyd olunub ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.
Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələrin icra edildiyini, yeni metro stansiyalarının istifadəyə verildiyini, yol qovşaqları, tunellər, körpülərin inşa edildiyini, yeni yolların salındığını söyləyən Azərbaycan Prezidenti vurğulayıb ki, əgər bu işlər görülməsəydi, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi.
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələrin açıq dənizlərə çıxışı var. Azərbaycanın isə dünya okeanlarına çıxışı yoxdur. Amma buna baxmayaraq, görülən işlər nəticəsində Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirib.
Prezident İlham Əliyev Azərbaycan tərəfindən irəli sürülən Zəngəzur dəhlizindən də danışıb. Layihənin reallaşdırılması üçün praktiki addımlar atıldığını söyləyən dövlətimizin başçısı bu istiqamətdə Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyi diqqətə çatdırıb. Ermənistanın 10 noyabr kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdığını, müxtəlif bəhanələr gətirərək qeyri-real və cəfəng layihələr ortaya atdığını qeyd edib.
Azərbaycan hazırda nəqliyyat sektorunda mütərəqqi islahatlar dövrünü yaşayır. Son 20 il ərzində ölkəmizdə 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də Azərbaycanın təşəbbüsü ilə icra edildiyini deyən dövlət başçısı qeyd edib ki, həmin vaxt Amerika Birləşmiş Ştatları buna ehtiraz edirdi. Buna səbəb isə onların ermənipərəst siyasəti idi.
Mövcud yolların reablitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolu xüsusilə təqdirəlayiqdir. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda tam istifadəyə veriləcək.
Son 20 il ərzində inşa edilən hava limanları barədə danışan dövlət başçısı qeyd edib ki, onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.
Prezident İlham Əliyev müşavirədə ictimai nəqliyyat məsələlərinə də toxunub. Qeyd olunub ki, 2008-ci ildən bugünə qədər metronun 7 yeni stansiyasi tikilib. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq elektrobusların yığım işlərinə də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər.
Cənab İlham Əliyev azad edilmiş ərazilərdə həyata keçirilən əsas nəqliyyat layihələrinə diqqət çəkərik bildirib ki, 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.
Nəqliyyat sektorunda həyata keçirilən islahatlar davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır və həm daxili, həm də beynəlxalq səviyyədə rəqabətqabiliyyətli nəqliyyat şəbəkəsinin qurulmasına xidmət edir. Müasir texnologiyaların tətbiqi və strateji yanaşma ilə bu sahədə dayanıqlı inkişaf hədəflərinə nail olunacaq.