Xəbərlər
Ölkəmiz hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcək
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Nəqliyyat məsələləri dövlətin siyasətində prioritetdir. Prezident İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bütün bu məqamlara diqqəti yönəldərək bildirdi ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyə ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.
Bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. İllər keçdikcə əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayırırıq.
Coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrilib.
Dövlətimizin bu sahəyə göstərdiyi diqqət işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Belə ki, bu torpaqlarda nəqliyyat layihələri sürətlə həyata keçirilir. 3400 kilometrə yaxın avtomobil yolu, hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Əgər bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Dövlətimizin başçısı bildirdi: “Həyat yerində durmur. İndi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb”.
Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək. Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Prezident İlham Əliyev qeyd etdi ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin: “Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün imkan yaradacaq. Yəni ki, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük”.
Son 20 ildə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində atılan addımlar və onların uğurlu nəticələri bu qənaətə əsas verir ki, yeni imkanlar yaranır. Azərbaycan yaratdığı reallıqlarla yeni körpülərin qurulmasını təmin edir ki, burada ölkəmizin nəqliyyat imkanları əhəmiyyətli rol oynayır.