Xəbərlər
Nəqliyyat islahatlarının strateji əhəmiyyəti: İnkişaf yolunda yeni mərhələ

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi vəziyyət ciddi şəkildə dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dəyişikliklərə uyğun yeni reallıqlar formalaşdırdı. Şanlı Vətən müharibəsində qazandığımız tarixi Qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri yaradaraq onun beynəlxalq arenada siyasi nüfuzunu daha da artırdı.
Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyini gücləndirən, strateji əhəmiyyət kəsb edən bir layihədir. Bu dəhlizin açılması ilə “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları daha da genişlənəcək. Prezident İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.
Dövlətimizin başçısı Zəngəzur dəhlizinin həyata keçirilməsi gərəkən bir layihə olduğunu vurğulayaraq, onun region dövlətləri üçün çox mühüm strateji əhəmiyyət daşıdığını qeyd edib. Bu dəhliz Azərbaycanın əsas ərazisinin Naxçıvanla birləşdirilməsini təmin etməklə, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına əhəmiyyətli töhfə verəcək.
Hazırda Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirak edir və Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında həm iqtisadi, həm də strateji əlaqələri möhkəmləndirəcək. Prezident İlham Əliyev, eyni zamanda, nəqliyyat infrastrukturunun müasirləşdirilməsinin və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının vacibliyini dəfələrlə vurğulayıb. Bu kontekstdə Zəngəzur dəhlizindən keçəcək kommunikasiya xətləri bölgənin tranzit xəritəsində əhəmiyyətli dəyişikliklər edəcək və regionun iqtisadiyyatının daha da canlanmasına səbəb olacaq.
Göründüyü kimi, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütün region üçün mühüm strateji və iqtisadi imkanlar açır. Bu layihənin həyata keçirilməsi Azərbaycan Respublikasının regionda və dünyada güclü mövqe tutmasına xidmət edəcək.