YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan münasibətləri yeni əməkdaşlıq sahələrinin yaranması ilə daha da genişlənir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan və Gürcüstan arasında uzun tarixi keçmişə dayanan dostluq, mədəni və siyasi əlaqələr, sıx əməkdaşlıq və mehriban qonşuluq münasibətləri olub. Bu səmimi münasibətlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənib. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına xüsusi stimul verib. Hazırda Gürcüstan Cənubi Qafqazda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində dövlətlərarası münasibətlər daha da yüksək səviyyədə qərarlaşıb. İqtisadi, ticari, mədəni və siyasi əlaqələrin davamlı inkişaf etməsi məhz Gürcüstanla Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq və möhkəm dostluq ənənələrini daha da gücləndirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze cari ilin yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlib. İki ölkənin liderləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev məzmunlu nitqində bir sıra mühüm tarixi faktları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub: “Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik”.

Qeyd edilən faktlar onu göstərir ki, bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İki ölkə enerji, nəqliyyat və ticarət sahələrində sıx əməkdaşlıq edir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığın nümunəsidir. Mədəni və tarixi bağlar xalqlar arasında qarşılıqlı hörmətin təməlini təşkil edir, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycandakı gürcülər isə dostluq əlaqələrini gücləndirir. Regional sabitlik və təhlükəsizlik məsələlərində ortaq maraqlara sahib olan hər iki tərəf beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Təhsil və mədəniyyət sahələrində əməkdaşlıq xalqlar arasında inteqrasiyanı artırır, turizm isə iqtisadi əlaqələrin inkişafına təkan verir. Bu münasibətlər bölgədə nümunəvi qonşuluq əlaqələrini əks etdirərək gələcəkdə də davam edəcək və yeni layihələrə yol açacaqdır.