Xəbərlər
YAP siyasi sistemin monolit gücüdür
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu, Sairkənd, Dırnıs və Nüsnüs bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Emin Ağayev, Fərizə Zamanlı, Ləyaqət Məmmədova, Nihad Cəfərli və Çinarə Mirzəli bildiriblər ki, son illərdə Azərbaycanın qazandığı uğurlar dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Qeyd olunub ki, bu uğurlarda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır.
Namizədlər vurğulayıblar ki, YAP siyasi arenada özünü təsdiqləmiş güclü, monolit bir qüvvədir. Çıxışlarda Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığı diqqətə çatdırılıb.
Seçicilər yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində səsvermə hüquqlarından istifadə edərək YAP-ı dəstəkləyəcəklərini bildiriblər.