Xəbərlər
31 Mart soyqırımı xalqımızın tarixi yaddaşında silinməz iz buraxıb
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, soyqırımı qurbanlarının, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhəmməd Şahbazov, Ağcabədi rayonunun Taxtakörpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şaiq Məmmədov və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə ermənilər tərəfindən hələ 1905-1907-ci illərdə azərbaycanlılara qarşı genişmiqyaslı və sistemli zorakılıq aktları törədilib. Xüsusilə 1918-ci ilin mart hadisələri zamanı Bakı Kommunasının həyata keçirdiyi siyasət nəticəsində Bakı quberniyasında azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar baş verib və bu cinayətlər xalqımızın tarixi yaddaşında silinməz iz buraxıb.
Qeyd edilib ki, soyqırımı aktları Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bununla yanaşı, azərbaycanlıların tarixi torpaqlarından deportasiyası siyasəti sonrakı dövrlərdə də davam etdirilib. Belə ki, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı zorla öz doğma yurdlarından köçürülüb.
Vurğulanıb ki, 1988-ci ildən başlayan qondarma Dağlıq Qarabağ münaqişəsi nəticəsində də yüz minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin salınıb, 1992-ci ilin fevral ayında baş vermiş Xocalı faciəsi isə tarixə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daxil olub.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması bu faciələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Eyni zamanda qeyd olunub ki, 44 günlük Vətən müharibəsi yalnız hərbi uğur deyil, həm də milli ləyaqətin, tarixi ədalətin və beynəlxalq hüququn bərpasının təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan bu Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnərək Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub.
