Xəbərlər
Yeni hədəflərə doğru irəliləmək zamanıdır
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Azərbaycanın bugünkü yüksəlişə və inkişafa nail olması Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Dəyişən qlobal və regional reallıqlar şəraitində bütün sahələr üzrə sistemli genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirdi.
Geridə qoyduğumuz ildə ölkəmiz həm regional, həm də beynəlxalq müstəvidə mühüm uğurlar əldə etmiş, xarici siyasət kursunda - diplomatik cəbhədə, danışıqlar masasında əsaslı üstünlüklər qazanmışdı. 2024-ci il Azərbaycanı bütün dünya ölkələri üçün yaxın, etibarlı tərəfdaş, sözü imzası qədər dürüst və dəyərli olan dövlət kimi xarakterizə etdi.
Cari ilin 7 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının müsahibəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.
Ölkə başçımız çıxışında Azərbaycan vətəndaşlarını maraqlandıran bütün məsələlərə aydınlıq gətirməklə öz münasibətini bildirdi, eləcə də Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən və ölkəmizə qarşı təxribat və qərəzli mövqe tutan dövlətlərə, xüsusən Ermənistan və ona havadarlıq edən dövlətlərə önəmli mesajlar ünvanladı.
Yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı görülən işlərdən danışan dövlət başçısı aparılan ardıcıl iqtisadi islahatların, qeyri-neft sektorunun inkişafı, müasir texnoloji yeniliklərə əsaslanan sənaye müəssisələrinin yaradılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini bildirib. Ölkə başçısı qeyd etdi ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək.
Dövlətimizin başçısı müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən Prezident İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi.
Ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı oldu. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladı ki, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək.
Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz.
Ölkə Prezidenti müsahibəsində Ermənistana və havadarlarına bir daha çağırışı etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. Əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.