YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsl dostluq və qardaşlıq nümunəsi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin gördüyü təxirəsalınmaz işlər, atdığı addımlar ölkə və dünya mətbuatında geniş işıqlandırılır. Dövlət başçısı İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verdi. Ölkə Prezidenti müsahibədə bir daha bildirdi ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Dövlətimizin başçısı İlham Əliyev yanvarın 6-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə də bu məsələyə diqqəti yönəldərək vurğuladı ki, “qara qutu”ların açılması prosesi başlanmışdır. Təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik: “Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq”.

Cənab İlham Əliyev qeyd etdi ki, gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.

Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində, həmçinin Qazaxıstanın dəstəyindən və həmrəyliyindən bəhs etdi. “Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar” deyən dövlətimizin başçısı onu da vurğuladı ki, çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar: “Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi”.

Qazaxıstan  da  istəyir ki, məsələ tam təfərrüatları ilə açılsın. İki  ölkənin həmrəyliyi diqqətdən kənarda qalmır. Dostluğumuz, qardaşlığımız  daha da güclənir.