Xəbərlər
Dövlətçilik tariximizdə yeni mərhələ
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Bu gün Azərbaycan müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan üçün yeni bir inkişaf mərhələsinin başlaması istiqamətində önəmli addımdır.
1991-ci ildə yaranmış tarixi şərait, Sovet İttifaqının dağılması, xalqımızın müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. Lakin həmin illərdə Ermənistanın təcavüzü və ölkənin o dövrdəki səriştəsiz rəhbərliyinin yarıtmaz fəaliyyəti kövrək müstəqillik üçün ciddi çətinliklər yaratmışdır. Torpaqlarımızın işğalı, dərin siyasi-iqtisadi və hərbi böhran Azərbaycanı ağır vəziyyətə salmışdı. Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra əldə etmişdir.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində tezliklə bu çətinliklərə son qoyuldu, ölkədə siyasi sabitlik və demokratik inkişafın bərqərar olması təmin edildi. Dövlət müstəqilliyinin dönməz və əbədi olması, möhkəmlənməsi, ölkəmizin dinamik inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər müdrik və uzaqgörən siyasəti ilə milli dövlətçilik ideyasının reallaşmasına, müasir, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə nail oldu. Dövlət və cəmiyyət həyatının demək olar ki, bütün sahələrini əhatə edən hərtərəfli və genişmiqyaslı islahatlar həyata keçirildi. Bu islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının, ilk növbədə isə ölkənin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi qarşıda duran ən vacib məsələlərdən biri idi.
1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi-siyasi sisteminin əsaslarını müəyyənləşdirərək dövlət suverenliyini və müstəqilliyi hüquqi baxımdan möhkəmləndirdi. Bu sənəd, eyni zamanda, demokratik institutların, vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi baza yaratmış və ölkənin beynəlxalq hüquq sisteminə inteqrasiyasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətlərdə həyata keçirilən düşünülmüş strategiya həm siyasi sabitlik, həm də hüquqi islahatların uğurla həyata keçirilməsinə imkan yaratdı.
Dövrün tələblərinə uyğun olaraq həyata keçirilən hüquqi təkmilləşdirmə prosesi ölkəmizin inikişafına və müasir çağırışlara cavab vermək məqsədini daşımışdır. Əsas Qanuna dəyişikliklərlə bağlı 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar hüquqi dövlətin və insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət etmişdir.
Dövlətçilik tariximizin ən mühüm və taleyüklü məsələsi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əldə edilməsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edildi.
Ölkəmizin suverenliyinin tam bərpasından sonra həyata keçirilən xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində nufuzunu, dost ölkələrin sayını artırıb. Azərbaycanın regional təhlükəsizlik məsələlərində rolu, beynəlxalq əlaqələrdə strateji mövqeyi daha da güclənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və prinsipial xarici siyasət dövlətimizin beynəlxalq siyasətdəki təsir gücünün artmasını təmin edib.
Prezident İlham Əliyev 31 dekabr 2024-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın son 21 il ərzində inamla, uğurla, ləyaqətlə inkişaf etdiyini qeyd etdi. Dövlət başçısı ölkənin qarşısına çıxan çətinlikləri, müharibələri və beynəlxalq təzyiqləri qeyd edərək, bunların heç birinin Azərbaycanın yolundan döndərmədiyini vurğuladı. Bu fikirlər Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.
“Konstitusiya və Suverenlik İli” dövlətimiz üçün yalnız keçmişin təhlili deyil, eyni zamanda, parlaq gələcəyin qurulmasına yönəlik strateji bir addımdır. Bu il çərçivəsində həyata keçiriləcək siyasət ölkəmizin dayanıqlı inkişafını möhkəmləndirəcək. Əminliklə bildirmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti dövrdə də Azərbaycanın demokratik və hüquqi dövlət quruluşu daha da möhkəmləndiriləcək və ölkəmiz beynəlxalq aləmdə nüfuzu və rolu artacaqdır.