YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının əsas hədəfi birlik və həmrəylikdir

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının milli birliyini təmin edən əsas amildir. Bu ideya dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarıdır.

Dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelər və dövlət maraqları kontekstində tarixi zərurətdən doğan ehtiyacdır. Təbii ki, Azərbaycan dövləti bu milli tələbatın, siyasi konsepsiyanın gerçəkləşməsində mövcud regional və qlobal şəraiti, ictimai-siyasi proseslərin yaratdığı reallığı nəzərə alır.

3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Heydər Əliyev əhalini möhkəm milli-mənəvi birliyə çağırdı. Beləliklə, Azərbaycanda müstəqil dövlət quruculuğunun bir sıra mühüm addımları Naxçıvanda Heydər Əliyevin siyasi iradəsi ilə atılmağa başladı. Məhz 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü olaraq qeyd edilməsi məsələsi Ali Məclisdə geniş müzakirə edildi və tarixi qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Həmin il dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qanun qəbul edildi. Həmin tarixdən etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ildə Bakıda keçirilmiş və bununla da Ulu Öndər Heydər Əliyev diaspor qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz bu Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı illərdə keçirilmiş 4 qurultay əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dünya Azərbaycanlılarının II Qurultayı 2006-cı ildə, III Qurultay 2011-ci ildə, IV Qurultay 2016-cı ildə və V Qurultay isə Qarabağın incisi sayılan Şuşa şəhərində keçirilib.

Həmrəylik günü Azərbaycanın dünya azərbaycanlıları ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların ölkəmizin maraqlarına xidmət etməsi baxımından vacib bir əhəmiyyət kəsb edir. Bu bayram Azərbaycan xalqının milli kimliyini qorumaq, gücləndirmək və dünya miqyasında birliyini nümayiş etdirmək üçün böyük bir fürsət yaradır.