Xəbərlər
Milli həmrəylik: Azərbaycanın birlik rəmzi
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi, milli həmrəyliyidir. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpaqlarında yaşayaraq bəşər sivilizasiyasına böyük töhfələr veriblər.
Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, yeni hədəflər uğrunda mübarizəni təmin etmək üçün böyük liderlərə ehtiyac duyulur. 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. Bu müqəddəs missiyanı həyata keçirən Ulu Öndərin dünya azərbaycanlıları birləşdirmək arzusu bu tarixi hadisənin bünövrəsini qoymuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Həmrəylik bayramı, ilk növbədə, azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsi və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz azərbaycançılıq amalı ətrafında milli birlik, həmrəylik nümayiş etdirir və bütün bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər. Soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər.
Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti vahid amallar uğrunda çalışır. İqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası və digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var.
Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi iradə xalqımızı bu Qələbəyə ruhlandırdı. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərərək daha sıx birləşdilər. O zaman xaricdə yaşayan soydaşlarımızın düşmən və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.