Xəbərlər
Tariximizdə ilkə imza atdıq
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci il aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayının cənnət Qarabağın döyünən qəlbi, mədəniyyətimizin paytaxtı və tarixi Qələbəmizin rəmzi olan azad Şuşa şəhərində keçirilməsi son dörd ilin qürurverici hadisələrindən oldu. 30 ildən sonra dünya azərbaycanlıları Şuşada toplaşıb keçilən yola nəzər salaraq bu məkandan birliyimizi, həmrəyliyimizi dünyaya çatdırdılar. Bu Qurultayın Zəfər Qurultayı adlandırılması dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Dünya azərbaycanlıları Şuşada bir araya gələrək, diaspor tariximizdə bir ilkə imza atdılar. Cənab İlham Əliyev dünyanın 65 ölkəsindən Şuşaya gəlmiş 400-dək nümayəndənin qarşısındakı çıxışında bildirdi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır... Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”. Bu fikirlər bütün dünya azərbaycanlılarına öz döğma torpaqlarında, qalib Vətənində olmağın qürurunu yaşatdı.
Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Soydaşlarımızın düşmənin və antiAzərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. İkinci Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.
Hazırda azad Şuşa beynəlxlaq tədbirlərin keçirildiyi məkana çevrilib. Şuşada tədbirə qatılan hər bir şəxs böyük qürur hisləri yaşayır. Dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanla qürur duyur. Dünya azərbaycanlılarının V Qurultayında soydaşlarımızın qarşısında müasir dövrün çağırışlarına uyğun olaraq yeni vəzifələr qoyuldu. Bu vəzifələr beynəlxalq təşkilatlarda təmsilçilik missiyamızı, informasiya müharibəsində mübarizəmizi daha da möhkəmləndirmək, mənfur düşmənin bizə qarşı törətdikləri cinayətləri, soyqırımıları və vəhşilklərini dünyaya daha geniş şəkildə çatdırmaq istiqamətində fəaliyyətimizi daha da genişləndirməyə çağırış etdi. Müzəffər Ali Baş Komandan V Qurultaydakı çıxışının sonunda “Hamımız birlikdə: Qarabağ Azərbaycandır!” söyləməklə, bütün dünyaya bu torpaqların sahibi bizik və buradayıq mesajını çatdırdı.
Prezident İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin bərpasından, yaradılan yeni reallıqlardan, hazırda azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs etdi. Qarabağda və Şərqi Zəngəzurda artıq 10 min insanın yerləşdiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. İdman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, yeni həyat qurulur. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi: “Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir”.