Xəbərlər
Dünya azərbaycanlıları vahid amallar uğrunda birləşib
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə saylı günlər qalıb. Artıq dörd ildir ki, hər bir bayramı, tarixi günləri Zəfər ovqatında qeyd edir, möhtəşəm Qələbəmizin qalib Azərbaycanın qarşısında açdığı imkanlardan qürurla bəhs edirik. Hər bir bayram, eyni zamanda, keçilən yolun təqdimatı, yeni hədəflərin müəyyənləşdirilməsi üçün bir çağırışdır. Məhz arxada qalan illərin uğurlarından bəhs edərkən bu fikri böyük inam və qürur hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət Heydər Əliyev yalnız müstəqilliyimizin əbədiliyini təmin etmədi, eyni zamanda, xalqımızı beynəlxalq aləmdə vahid amal, məqsəd və məram ətrafında səfərbər edən azərbaycançılıq ideologiyasını yaratdı. Ulu Öndər bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar vahid ideya ətrafında sıx birləşməlidirlər. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Yaradılan möhkəm təməl əsasında əminliklə qeyd edirik ki, dünyada güclü Azərbaycan diasporu formalaşıb, ölkəmizin daha da qüdrətlənməsinə öz davamlı töhfələrini verməyə səy göstərir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və imzaladığı Sərəncam əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğunda yeni mərhələnin əsasını qoydu. Hər beş ildən bir keçirilən qurultaylar müasir müstəqil Azərbaycanın uğurlarının, həqiqətlərimizin dünyaya təqdimatında öz sözünü deyir. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların uğurlu nəticəsi 44 günlük İkinci Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində özünün aydın ifadəsini tapdı. Vətən müharibəsi dünya azərbaycanlılarının həmrəyliyinin təcəssümüdür. Belə ki, xaricdə yaşayan soydaşlarımızın düşmənin və antiAzərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Bu gün tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqları yaşayırıq. Azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə davamlı səfərlərinin hər biri Böyük Qayıdışın daha da sürətlənməsinə xidmət edən addımlarla yadda qalır. Artıq Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açılıb. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Laçın Beynəlxalq Hava Limanının 2025-ci ilin əvvəllərində istifadəsi nəzərdə tutulur. Türk dünyasının mədəniyyət paytaxtı Şuşa siyasi, iqtisadi, diplomatik mərkəzə çevrildi, əməkdaşlıq imkanlarımızın genişlənməsinə xidmət edən sənədlərin imzalanmasına şahidlik etdi. İki dost, qardaş Azərbaycan və Türkiyənin müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik edən Şuşa, eyni zamanda, 30 ildən sonra 2022-ci ildə dünya azərbaycanlılarını bu məkanda bir araya gətirərək birliyimizi, həmrəyliyimizi bir daha dünyaya nümayiş etdirdi. Tarixə Dünya Azərbaycanlılarının Zəfər Qurultayı kimi yazılan V Qurultayda postmünaqişə dövründə xaricdə yaşayan soydaşlarımızın qarşısında dayanan vəzifələr müzakirə edildi, fəaliyyət planı, yol xəritəsi təqdim olundu. Dövlət başçısı İlham Əliyevin həmin qurultaydakı çıxışında söylədiyi “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!” fikirləri dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin ümumiləşdirilmiş ifadəsi oldu.
2024-cü il ölkəmiz üçün uğurlu il oldu. Artıq ayrı-ayrı sahələrin yekunlarına həsr olunan tədbirlər keçirilir. Dekabrın 24-də dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə idman yekunlarına həsr olunan mərasim keçirildi. Dövlətimizin başçısı İlham Əliyev çıxışında “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” söyləyərək onu da bildirdi ki, xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.