YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf yolu: dövlətçilik, sabitlik və tərəqqi missiyası

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası çox mürəkkəb və təhlükəli bir tarixi mərhələnin astanasında idi. O dövrdə baş verən hadisələr, yaranmış siyasi boşluq, ölkədə hökm sürən idarəetmə zəifliyi, xaos və özbaşınalıq dövlətin müstəqilliyini ciddi şəkildə təhdid edirdi. Hakimiyyətdə tez-tez baş verən dəyişikliklər, siyasi qüvvələr arasında qarşıdurmalar, mərkəzləşdirilmiş idarəçiliyin olmaması ölkəni faktiki olaraq idarəolunmaz vəziyyətə salmışdı. Bütün bunlarla yanaşı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü yaranmış gərginliyi daha da artırır, müdafiə sisteminin formalaşmaması, ordunun vahid komandanlıqdan məhrum olması Azərbaycanın ərazi bütövlüyünü böyük təhlükə altına qoyurdu. Bu dövrdə separatçı qüvvələrin fəallaşması, müxtəlif silahlı dəstələrin ortaya çıxması, iqtisadi çətinliklər və sosial böhran ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. Yeni müstəqillik qazanmış respublika öz dövlətçiliyinin möhkəmləndirilməsi üçün həm daxili siyasi sabitliyə, həm də güclü liderliyə böyük ehtiyac duyurdu. Məhz bu cür həssas və taleyüklü mərhələdə Azərbaycanın xilası üçün yeni siyasi yanaşma, məsuliyyətli və milli maraqlara söykənən qüvvənin meydana çıxması mütləq idi. Cəmiyyətin müxtəlif təbəqələri ölkəni uçurumdan xilas edə biləcək, xalqın etimadını qazanmış güclü liderə və təşkilatlanmış siyasi qüvvəyə ehtiyac olduğunu açıq şəkildə ifadə edirdilər. Hakimiyyət daxilində gedən çəkişmələr, qeyri-peşəkar idarəçilik və milli maraqlara zidd addımlar əhalinin narahatlığını daha da artırırdı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin siyasi arenaya qayıdışı və onun ətrafında formalaşan yeni siyasi hərəkat ölkənin nicat yolu kimi dəyərləndirilərək, bu dövrün çağırışları Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edirdi. Partiyanın təsis edilməsi yalnız siyasi hadisə deyil, həm də zamanın sınağından çıxmaq üçün xalqın istəyinə söykənən tarixi missiya idi. Bu tarixi missiyanı yerinə yetirərək 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkədə siyasi sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və idarəetmənin institusional əsaslarının qurulması istiqamətində yeni dövr başladı, Ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərliyi isə bütövlükdə Azərbaycan dövlətinin xilası və gücləndirilməsini təmin etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qarşısında dayanan ən çətin və strateji vəzifələri ardıcıl şəkildə reallaşdırdı. Onun siyasi iradəsi, təcrübəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutları bərpa edildi və gücləndirildi, ordu quruculuğunda əsaslı islahatlar aparıldı, iqtisadiyyatın iflic vəziyyətindən çıxması üçün sistemli tədbirlər həyata keçirildi. Yeni Azərbaycan Partiyası isə bu proseslərin mərkəzində dayanaraq həm siyasi idarəetməyə, həm də cəmiyyətin həmrəyliyinə və birliyinə mühüm töhfə verdi. Partiyanın ideoloji xətti, dövlətçilik maraqlarına əsaslanan proqramı və Ulu Öndər Heydər Əliyevin milli inkişaf modeli respublikanın sabitlik dövrünə daxil olmasını təmin etdi. Bu dövrdə qoyulan möhkəm təməllər sonrakı illərdə ölkənin sürətli inkişafını, beynəlxalq nüfuzunun artmasını və dayanıqlı sabitliyi təmin etdi. Yeni Azərbaycan Partiyası yaranan zamandan cəmiyyətin böyük dəstəyini qazanaraq ölkənin xaosdan çıxması, dövlətçiliyin qorunması və gələcək inkişaf strategiyasının müəyyən olunması prosesində həlledici rol oynamağa başladı. Ötən dövr ərzində keçirilmiş Yeni Azərbaycan Partiyasının Qurultayları yalnız təşkilati tədbirlər deyil, həm də Azərbaycanda dövlətçilik kursunun inkişafında dönüş nöqtələri oldu. Hər bir Qurultay ölkənin qarşısında duran vəzifələri dəqiq müəyyənləşdirmiş və onların ardıcıl şəkildə icrası üçün siyasi iradəni formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi isə Partiyanın tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi ilə Partiyanın institusional gücü daha da artırılmış, kadr siyasəti yenilənmiş, gənclərin siyasi proseslərdə iştirakı genişləndirilmiş, cəmiyyət–dövlət münasibətlərində modern yanaşmalar tətbiq edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası müasir dövrün tələblərinə uyğun şəkildə yenilənərək ölkənin siyasi sistemində lider mövqeyini daha da gücləndirmişdir.

Bu günlərdə təsis edilməsinin 33-cü ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının ötən dövr ərzindəki fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişaf salnaməsinin mühüm tərkib hissəsidir. Bu illər ərzində YAP siyasi təşkilat kimi fəaliyyət göstərməklə yanaşı Azərbaycan cəmiyyətinin milli birliyinin, sabitliyinin və inkişaf strategiyasının formalaşmasında aparıcı qüvvə kimi çıxış etmişdir. Əsas siyasi xəttinin mərkəzində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş milli inkişaf modeli dayanan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətlənməsində, qazanılmış nailiyyətlərdə mühüm rol oynamışdır. Məhz bu uğurların, həyata keçirilmiş daxili və xarici siyasətin nəticəsi idi ki, ölkəmiz 2020-ci il tarixdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Qarabağ Zəfəri ilə tarixi ədaləti bərpa etmiş oldu. Bu Zəfər yalnız hərbi gücün təntənəsi deyil, həm də Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin, xalq–dövlət birliyinin və Yeni Azərbaycan Partiyasının uzun illər ərzində yaratdığı sabitlik və gücün məntiqi nəticəsi idi. YAP bu proseslərdə ölkədə siyasi sabitliyi təmin etməklə, dövlət institutlarını güclü və dayanıqlı sistemə çevirməklə, milli həmrəyliyi möhkəmləndirməklə, dövlət başçısının apardığı qətiyyətli siyasəti dəstəkləməklə Zəfərin əldə edilməsinin əsas ideoloji və siyasi dayaqlarından biri olmuşdur. Bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyan Yeni Azərbaycan Partiyası postmüharibə dövründə quruculuq işlərinin həyata keçirilməsində, Azərbaycanın gələcək strateji hədəflərinin reallaşmasında aparıcı rolunu davam etdirir. Ötən illər ərzində qazanılan uğurların hər birində doğma Partiyamızın izi, ideoloji xəttinin təsiri vardır. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi Azərbaycan dövlətinin gücünü, xalqın birliyini, tarixi Zəfərin əldə edilməsinə aparan mübarizə yolunu özündə ehtiva edən bir tarixdir. Bu yol daim müstəqilliyə, inkişaf və tərəqqiyə xidmət etmiş, bundan sonra da ölkəmizin gələcək hədəflərinə doğru inamla irəliləyəcəkdir.