Xəbərlər
“Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət və ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi”
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının qərargahında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Partiyanın yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət və ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi” adlı tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Peşə Liseyinin direktoru Nurlan Abdullayev, Köhnəbazar kənd tam orta məktəbinin müəllimi, şairə Yadigar Kazımova və Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin direktoru Akif İbrahimov bildiriblər ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu bu siyasi təşkilat 33 il ərzində zəngin və şərəfli inkişaf yolu keçib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası siyasi xətti və fəaliyyəti ilə xalqın etimadını qazanaraq ümumxalq partiyasına çevrilib.
Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edib. Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, dövlətçilik ənənələrini yaşadan və yeni reallıqlara uyğun şəkildə inkişaf etdirən böyük bir siyasi məktəbdir.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.
