Xəbərlər
Həmrəyliyimiz əbədi dəyərimizdir
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Azərbaycan xalqının qədim və zəngin tarixini, onun dirçəlişi, və milli birliyini əks etdirən həmrəylik günü, müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər olma anı kimi, hər bir azərbaycanlı üçün inam və ümid rəmzidir.
Xalqımızın milli birliyinin açarı, bizi birləşdirən əsas dəyər vətənpərvərlik hissimizin hədsiz dərəcədə yüksək olmasıdır. Vətənpərvərlik ilk öncə xalqı və dövləti sevmək, həmçinin bizim milli-mənəvi ənənəmizə çevrilən bayrağımıza hörmət, şəhid və qazi ailələrinə diqqət bizim mənəvi ənənələrimizdən biridir. Gənc nəsilə vətənpərvərlik hissləri bir çox yollarla əsasəndə ictimai-siyasi xadimlərin, ən əsası ulu öndər Heydər Əliyevin və Cənab İlham Əliyevin çıxışlarında Azərbaycan dövlətinə, xalqına sevgisini nümayiş edib səsləndirməsi vətənpərvərlik nümunəsidir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər, xarici səfərləri zamanı, mütləq həmin ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə görüşlər keçirirdi. Ümummilli lider onların problemləri ilə maraqlanır, qiymətli tövsiyələr verirdi. Onun başladığı bu ənənəni davam etdirən Prezident İlham Əliyev hər bir xarici səfəri zamanı diaspor nümayəndələri ilə görüşür, dəyərli tövsiyələr verir və fikir mübadiləsi aparırdı. Dövlət başçısı, ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmlənməsi üçün diaspora ilə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını dəfələrlə qeyd etmişdir.
Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birliyinə və ideoloji yaxınlaşmasına nail olmuşdur. Bu əlamətdar gün, dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı arasında əlaqələrin qurulması, birlik və həmrəyliyin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır. Həmrəylik Günü milli birlik, Azərbaycana sevgi, milli-mənəvi dəyərlərə hörmət və Vətənə bağlılıq duyğularını özündə ehtiva edir.
Tarix boyu müharibələr, hərbi münaqişələr və müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, bəzi azərbaycanlılar öz torpaqlarından didərgin düşmüş, deportasiya edilmiş və bir-birindən ayrı salınmışdır. Lakin Azərbaycan xalqı öz möhkəm həmrəliyinə söykənərək ayaqda qalmışdır.
Prezident İlham Əliyev, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdir. O, mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir. "Bir millət, iki dövlət" prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasını təşkil edir. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu türkdilli xalqların həyatında əlamətdar hadisə olmuşdur. Bu tədbir, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi böyük əhəmiyyətin ifadəsi kimi tarixə düşmüşdür.
Vətən müharibəsi, Azərbaycan xalqının birliyini və Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha aydın şəkildə nümayiş etdirdi.
Bu müharibədə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da misilsiz fəallıq göstərərək daha sıx birləşdilər. Onlar yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün böyük səylər göstərdilər. Prezident İlham Əliyev təbrikində vurğulayıb: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fədakarlıq Qələbəmizə layiqli töhfə olmuşdur.”
Dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz nümunəsi II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmən qüvvələrin və anti-Azərbaycan dairələrin təxribatlarına qarşı cəsarətli mövqeyi oldu. Onların Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri səylər, Qələbəmizdə mühüm rol oynadı.
II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, sosial statusundan, vəzifəsindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün Prezident İlham Əliyevin sarsılmaz qətiyyətinə və siyasi iradəsinə şahid oldu. Dövlət başçısının nümayiş etdirdiyi vətənpərvərlik və liderlik xalqı torpaqların azadlığı uğrunda mübarizədə birləşdirdi.
Ali Baş Komandan İlham Əliyevin ilk gündən ortaya qoyduğu hərbi-siyasi əzm və qətiyyət hər bir azərbaycanlını onun ətrafında daha sıx birləşdirərək qələbə ruhunu möhkəmləndirdi. Tarixi Zəfərimiz, antiterror əməliyyatları, işğal altında olan torpaqlarımızın azad olunması və separatçı rejimin çökdürülməsi bütün azərbaycanlıları vahid birliyə və möhkəm həmrəyliyə gətirib. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin simvolu idi və bu gün eyni zamanda xalqımızın birliyinin rəmzidir.
Həmçinin, vurğulamaq istərdim ki, 2024-cü ilin son günlərini yaşadığımız vaxtda 25 dekabr tarixində AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xalqımızı dərindən sarsıtdı.
Şübhəsiz ki, belə faciələr zamanı hər kəsin bir araya gələrək zərər çəkənlərə dəstək olması, dövlətin döstəyi ilə yanaşı, cəmiyyətin vahid, humanist mövqedə olması həmrəylimizi nümayiş etdirir. Bununla yanaşı, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bu ağır günlərdə həmrəyliklərini qoruyub saxlamaları xalqımızın mənəvi gücünü bir daha əks etdirdi.
Bizi güclü edən, dünya xalqları arasında fərqləndirən möhtəşəm həmrəyliyimiz xalqımız yaşadıqca yaşayacaqdır.