Xəbərlər
Əlamətdar gün və yadda qalan hadisələr
“Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük inkişaf var. Artıq bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. Ötən illər ərzində bu sahədə çox ciddi nailiyyətlər əldə olunub. Başa çatmaqda olan 2024-cü ildə də idman sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Prezident İlham Əliyev bu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı qazanılan nəticələri müsbət qiymətləndirib. Bu il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda 1700-ə yaxın medal qazanması böyük uğurdur”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Millət vəkilinin sözlərinə görə, cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra ölkə idmanının inkişafında sıçrayış baş verdi. Ötən illər ərzində ölkədə güclü idman infrastrukturu da yaradılıb. Respublikamızda idman infrastrukturunun yaradılmasında ən yüksək standartlar tətbiq edilir. İndiyədək istifadəyə verilən idman obyektlərində beynəlxalq səviyyəli yarışları keçirmək üçün bütün imkanlar var. Yaradılan güclü idman infrastrukturunun sosial əhəmiyyəti də kifayət qədər genişdir. Ölkədə idman-olimpiya komplekslərinin və qurğularının tikintisi və onların ətrafında yaradılan infrastruktur sosial məsələlərin həllinə də kömək edir. Paytaxtda və bölgələrdə ən yüksək dünya standartları səviyyəsində inşa edilən idman obyektləri bir tərəfdən gənclərin asudə vaxt keçirmələri, fiziki sağlamlıq göstəricilərini yüksəltmələri üçün əvəzolunmaz məkandır. Sayı getdikcə artan bu obyektlərdə keçirilən mötəbər yarışlarda Azərbaycanın himnini səsləndirən, üçrəngli bayrağını qaldıran idmançılar ordusu yetişir. Digər tərəfdən, idman-olimpiya komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur artıq böyük təsərrüfat təşkil edir. Bu obyektlərdə çoxlu sayda yeni iş yerləri yaradılıb.
Deputat qeyd edib ki, yaradılan müasir infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, ötən respublikamızda Avropa və Dünya çempionatlarının keçirilməsi ənənə halına çevrilib. 2015-ci ilin yayında Azərbaycan Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. Respublikamız bütün dünyada məşhur olan və böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi edir. 2017-ci ilin birinci yarısında ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. Oyunlara rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb. Respublikamız, həmçinin beynəlxalq şahmat olimpiadasına, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, gimnastika üzrə beynəlxalq turnirlərə, 41-ci dünya Skaut konfransı və 13-cü dünya Skaut gənclər forumuna və s. ev sahibliyi edib.
İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmağa başladı. Bütün bunlar Azərbaycanın müasir mənzərəsini canlandırır. Cənab Prezidentin hərtərəfli qayğı və diqqəti sayəsində respublikamız qısa müddətdə yüksək səviyyəli idman ölkəsinə çevrilib ki, bu fakt beynəlxalqü miqyasda etiraf edilir. Azərbaycan bu il keçirilmiş Yay Olimpiya Oyunlarında komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşdı. Bu, indiyədək olan ən yüksək nəticədir. Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerdə oldu.
Pərvin Kərimzadə vurğulayıb ki, dövlət tərəfindən idmanın kütləviliyinə xüsusi diqqətin yetirilməsi sağlam gəncliyin formalaşmasında mühüm rol oynayır: “Bu amil isə Vətənimizin sağlam gələcəyi deməkdir. Biz şahidi olduq ki, 44 günlük Vətən müharibəsində məhz sağlam, vətənpərvər gənclik torpaqlarımızı düşmən tapdağından azad etdi. Cənab Prezident bu faktı hər zaman vurğulayır. Digər bir vacib məqam isə işğaldan azad edilmiş ərazilərimizdə ən müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılması məsələsidir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Şuşada beynəlxalq şahmat, Suqovuşanda beynəlxalq avarçəkmə yarışlarının və Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışın keçirilməsi həm də ondan xəbər verir ki, tarixi torpaqlarımızda mötəbər idman yarışlarının təşkili ənənəsinin əsası artıq indidən qoyulur. Bundan əlavə, Ağdamın məşhur “İmarət” stadionunun nəzərdə tutulan yeni layihəsi, Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin yaradılması, Füzuli şəhərində Olimpiya Komleksinin tikilməsi bu sahədə görüləcək mühüm tədbirlərdən xəbər verir. Şübhə yoxdur ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yaradılan idman infrastrukturları da nüfuzlu yerli və beynəlxalq yarışların keçirildiyi məkanlar olacaq”.
Millət vəkili deyib ki, parlamentdə təmsil etdiyi Gəncə şəhəri gələn il Üçüncü MDB Oyunlarının keçirilməsinə hazırlaşır. Dövlət başçısının dediyi kimi, bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Yəni, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Cənab Prezident vurğulayıb: “Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi”.
Pərvin Kərimzadə söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Ölkənin digər regionları kimi, qədim tarixi, zəngin mədəniyyəti olan Gəncə şəhəri də Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı sayəsində doğma Gəncə daim inkişaf edir, müasirləşir və günü-gündən gözəlləşir. Dövlət başçısının şəhərimizə hər səfəri, səfər zamanı atılan yeni təməllər və yeni obyektlərin açılışları Gəncənin inkişafına yeni təkan verir. Onun sözlərinə görə, Gəncə şəhər stadionunun təməli də Prezident İlham Əliyevin aprelin 9-da şəhərə səfəri zamanı qoyulub: “Bu hadisə Gəncə və onun əhalisi üçün əlamətdar və yadda qalandır. Cənab Prezident səfər zamanı Gəncə İdman Sarayının açılışını da edib. Belə nəhəng idman kompleksinin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. MDB Oyunlarının keçirilməsi ilə bağlı hazırda Gəncədə müvafiq işlər görülür. Eləcə də, gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Dövlət başçısının dediyi kimi, Gəncədə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılacaq. Bu məqsədlə həm şəhər infrastrukturu, şəhər nəqliyyatı yenilənəcək, tarixi binaların bərpası həyata keçiriləcək. Sözügedən beynəlxalq idman tədbiri Nizami yurdu olan qədim Gəncəni bir daha xarici qonaqlarımıza yüksək səviyyədə təqdim edəcək.”