Xəbərlər
Müdrik Lider, böyük strateq
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Bu gün ölkəmizdə sosial rifah, iqtisadi inkişaf, uğurlu xarici siyasət dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Ümummilli Lider Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev uğurlu fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu bir daha təstiq etmişdir.
Cənab İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.
Xususi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikirlərini söyləyən dövlətimizin başçısı əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman mühüm addımlar atır.
Azərbaycan son illər ərzində cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib və sosial məsələlər uğurla həll olunub.
Xüsusilə qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandanın sərkərdəlik təcrübəsi və şanlı Azərbaycan Ordusunun sücaəti, qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən müharibəsi zamanı doğma torpaqlarımız işğaldan azad edildi və tarixi ədalət bərpa olundu.
Qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini bir daha nümayiş etdirdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.
2023-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiyası proseslərinə də start verildi. Bu, Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi Zəfər səlnaməsidir.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işləri uğurla hayata keçirilməkdədir. Böyük Qayıdış Proqramının nəticəsi olaraq işğaldan azad olunmuş rayonlarımıza yeni nəfəs gəlib, bu da hər birimizi qürurlandırır. Dövlətimiz digər bölgələrdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə də yeni şəhərsalma təcrübəsini nümayiş etdirir.