YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi missiya, yeni uğurlar və möhtəşəm zəfərlər

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir. Azərbaycanın son 21 ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir.

Cənab İlham Əliyev Azərbaycanın ən böyük zəfərlərinin Müzəffər Ali Baş Komandanı kimi tarxə yazıldı. Dövlət başçısı 2003-cü ildə ilk dəfə prezident  seçilərkən andiçmə mərasimində qeyd edib: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Nəyi necə və nə vaxt etdiyini hamıdan yaxşı bilən Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plana uyğun olaraq, Azərbaycan Ordusu 2020-ci ilin İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfər qazandı. Azərbaycanı 30 illik işğal dövründə təhdid edən, xalqımıza qarşı qanlı soyqırımlar törədən Ermənistan ordusu darmadağın edildi. 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi. Hazırda ölkəmizin bütün ərazilərində Azərbaycan Bayrağı qürurla dalğalanır. Beləliklə, həm də Ulu Öndərin müqəddəs arzuları, vəsiyyəti məhz “Heydər Əliyev İli”ndə gerçəyə çevrildi.

Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən etibarən, Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini öncül hədəf kimi müəyyənləşdirmişdir. Tarixə nəzər salsaq görərik ki, erməni millətçi ideoloqlarının və havadarlarının süni yolla yaratdıqları Qarabağ problemi iki əsrdən bəri Azərbaycan xalqının milli varlığına, Onun malik olduğu tarixi ərazilərinə və dəyərlərinə əsas təhdid və təhlükə olmuşdur.

Prezident İlham Əliyev yalnız ölkəmizin deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini və bu sistemin tərkib hissəsi kimi yeni geosiyasi, geoiqtisadi strategiyasını formalaşdırır. Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi artıq sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşmuşdur. Bu proses bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini artırır, yeni resurslarını üzə çıxarır.

Cənab İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün tarixi fürsətdir, inkişaf üçün real zəmindir. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının ağır durumunu əks etdirən digər belə amillər Ermənistanın artıq son iflas astanasında olduğunu göstərir. Bütövlükdə, dünya siyasətində öz qətiyyətli və prinsipial mövqeyi ilə böyük nüfuz qazanmış qalib Lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji, nəqliyyat-logistika, sosial-iqtisadi, ümumilikdə dayanıqlı inkişaf təhlükəsizliyinin bütün istiqamətlərində etibarlı tərəfdaş kimi qəbul olunur. Bir sözlə, cənab İlham Əliyevin adı, imzası, iştirakı harada varsa, orada heç bir təhlükə, risk yoxdur.

Dünyanın qəbul etdiyi və hesablaşdığı həqiqət budur. Onun adı qlobal inkişafın, imzası etibarlı tərəfdaşlığın, iştirakı isə uğurlu nəticənin təminatı və rəmzidir. Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Vətənimiz Azərbaycan tək Qafqaz bölgəsində deyil, artıq dünyada söz sahibidir. Həmçinin, bölgədə dayanıqlı təhlükəsizlik sistemi yaratmaqla bərabər irimiqyaslı layihələr həyata keçirir. Ən əsası, Azərbaycan COP29 kimi dünyanın xilası naminə addımlar atan böyük bir tədbirə ev sahibliyi etmişdir. Bu gün qürurla söyləyə bilərik ki, Azərbaycan diplomatiyası COP29-da dünya tarixinə öz adını qızıl hərflərlə yazdırdı.

Tarixi zəfərlər genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə prosesləri ilə uğurla davam edir. Prezident İlham Əliyevin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.