Xəbərlər
“Lider qadınlar platforması” layihəsinin açılış mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Lider qadınlar platforması” adlı kommunikasiya və konseptual tətbiq layihəsinin açılış mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək layihənin əhəmiyyəti, əsas ideyası və gələcək fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan qadını tarixən öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası və yüksək analıq keyfiyyətləri ilə xalqımızın adını daim uca tutub. Bildirilib ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki mövqeyi və rolu həm milli-mənəvi dəyərlərimizə göstərilən hörmət, həm də dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində yüksək səviyyədə qiymətləndirilir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən etibarən həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində qadınların ictimai-siyasi həyata inteqrasiyası, dövlət idarəçiliyində təmsilçiliyi və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu ənənələrin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Eyni zamanda vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəal və səmərəli fəaliyyəti, humanitar təşəbbüsləri, mədəniyyətimizin dünyada təbliği istiqamətində gördüyü işlər Azərbaycan qadınının gücünü, fəallığını və liderlik keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirir və gənc nəsil üçün nümunə rolunu oynayır.
Tədbir interaktiv formada davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
