Xəbərlər
İnnovativ infrastruktur və insan kapitalı: rəqəmsal gələcəyin perspektivləri
Nigar Məmmədova
Milli Məclisin deputatı
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” gələcəyin idarəetmə və iqtisadi modeli kimi qiymətləndirilə bilər. Çünki rəqəmsal transformasiya artıq strateji zərurət, rəqəmsal arxitektura isə ölkənin iqtisadi, siyasi və texnoloji gələcəyini formalaşdıracaq əsas yol xəritəsidir.
Müasir dünyada dövlətlərin gücü həm də rəqəmsal infrastrukturun səviyyəsi və innovasiya potensialı ilə müəyyən olunur. Bu baxımdan “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na ölkənin uzunmüddətli inkişaf strategiyası kimi baxa bilərik. Plan dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və texnoloji infrastrukturun yenilənməsini hədəfləyir. Fəaliyyət planına həsr olunmuş müşavirədə cənab Prezidentin də söylədiyi kimi, “bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir”. Yəni, Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində yerləşməsi və yaradılmış mövcud infrastruktur Azərbaycanın üstünlüyünü təmin edir.
Burada iqtisadi baxımdan strateji üstünlüklərə nəzər salsaq, enerji asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafını qeyd edə bilərik. Belə ki, rəqəmsal iqtisadiyyatın genişlənməsi ilk növbədə bu məqsədə çatmaq üçün effektiv vasitə hesab olunur.
Elektron ticarət, rəqəmsal ödəniş sistemləri, startap ekosisteminin gücləndirilməsi yeni iş yerlərinin yaranmasına və yüksək əlavə dəyər yaradan sahələrin inkişafına şərait yaradır. Bu, uzunmüddətli proses olduğundan dövlət başçımız da bildirdi ki, gələcəkdə bu sahədə milli kadrlara böyük ehtiyac olacaq. Bu səbəbdən orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
Beynəlxalq təcrübəyə əsasən deyə bilərik ki, proseslərin rəqəmsallaşdırılması biznes mühitini sadələşdirir, prosedurları sürətləndirir. Bu isə investorlar üçün daha cəlbedici mühit formalaşdırır.
Yeri gəlmişkən, data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələr artıq qurulub. Cənab Prezident bu əlaqələri də Azərbaycanın əsas üstünlüklərindən biri kimi dəyərləndirdi.
Plan dövlət idarəçiliyində effektivliyin və şəffaflığın artırılmasına birbaşa təsir edəcək. Burada çeviklik ön plandadır. Belə ki, vahid rəqəmsal platformalar üzərindən məlumat mübadiləsi qərarvermə prosesini sürətləndirir və insan faktorundan qaynaqlanan riskləri azaldır.
Milli məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi prioritetə çevrilir. Təsadüfi deyil ki, cənab Prezident müşavirədə qeyd etdi ki, “kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir”. Çünki bu sahə də kritik sahələrdən biridir. Dövlət başçımız ötən il ölkəmizə qarşı çox mütəşəkkil və aqressiv kiberhücumu da xatırlatdı. Aydındır ki, müasir dövrdə informasiya təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Yeni arxitektura əsasında süni intellekt, “smart” layihələri ölkənin texnoloji inkişafını daha da sürətləndirəcək. Vahid standartların tətbiqi və təhlükəsizlik əməliyyat mərkəzlərinin yaradılması kibertəhlükələrə qarşı dayanıqlılığı artıracaq. Bu isə həm dövlət, həm də özəl sektor üçün daha etibarlı rəqəmsal mühit deməkdir.
Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ölkəmizi regionda rəqəmsal transformasiya üzrə aparıcı gücə çevirmək potensialındadır.
