YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli Lider, peşəkar idarəçilik və şanlı Zəfər

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində cənab İlham Əliyevi Azərbaycanın gələcək inkişafının qarantı kimi təqdim edərək Onun yüksək intellektual səviyyəyə, geniş dünyagörüşünə və idarəçilik bacarığına malik lider olduğunu vurğulamışdır. Həmin il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyərək Ona etimad göstərmişdir.

Son 21 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük sosial-iqtisadi və siyasi yüksəliş dövrünü yaşamış, regionun lider dövlətinə çevrilmişdir. Bu dövr xalqımızın rifahının yüksəlməsi, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi və tarixi ədalətin bərpası ilə əlamətdar olmuşdur. Dövlət başçısının fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ardıcıl və uğurla davam etdirilməsi ilə səciyyələnir. Ulu Öndərin müəyyən etdiyi əsas dövlətçilik prinsipləri – sabitlik, müstəqillik və davamlı iqtisadi inkişaf müasir çağırışlara uyğun şəkildə zənginləşdirilmiş və yeni səviyyəyə qaldırılmışdır.

Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlətimiz iqtisadi cəhətdən dayanıqlı, siyasi baxımdan isə güclü və qətiyyətli bir mövqeyə sahib olmuşdur. Azərbaycan dövləti xalqın rifahını təmin edən sosial-iqtisadi inkişaf, müstəqilliyin möhkəmləndirilməsi və beynəlxalq səviyyədə milli maraqların təmin olunması istiqamətində böyük uğurlara nail olmuşdur.

Prezident İlham Əliyev iqtisadi siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən edərək bu sahədə genişmiqyaslı islahatlar həyata keçirmişdir. Onun rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və müasir innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət dövlətin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və regionların tərəqqisi təmin edilmişdir. Azərbaycan iqtisadiyyatının strukturu daha balanslı və rəqabətqabiliyyətli bir səviyyəyə yüksəlmişdir.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” qəbul edilmişdir. Bu proqramın əsas məqsədi ölkə iqtisadiyyatını diversifikasiya etmək, regionlarda infrastruktur layihələrini həyata keçirmək, yeni iş yerləri yaratmaq və əhalinin rifah səviyyəsini yüksəltmək idi. Dövlət proqramı çərçivəsində kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrdə geniş inkişaf təmin edilmiş, infrastrukturlar müasirləşdirilmişdir. Bu da ölkənin dayanıqlı və balanslı iqtisadi inkişaf modelinə keçidinə şərait yaratmışdır.

Son 21 il ərzində Azərbaycan bir sıra mühüm enerji layihələrini uğurla həyata keçirmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması və dövlətimizin qlobal enerji təhlükəsizliyindəki rolunun artırılması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bariz nümunələrindəndir. Bu nailiyyətlər Azərbaycanın regionda enerji mərkəzi kimi tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur.

Ölkəmizdə müasir infrastruktur quruculuğu sahəsində də mühüm nailiyyətlər əldə edilmiş, beynəlxalq standartlara cavab verən yollar, hava və dəniz limanları, dəmir yolu xətləri və digər strateji obyektlər inşa edilmişdir. Bu layihələr Azərbaycanın nəqliyyat və logistika sahəsində regional və qlobal mərkəzə çevrilməsinə zəmin yaratmışdır.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur. Ermənistanın 30 il ərzində davam edən işğalına son qoyan şanlı ordumuz Qarabağ və Şərqi Zəngəzuru azad etmişdir. Müharibə dövründə Azərbaycan Prezidentinin həm döyüş meydanında, həm də diplomatik cəbhədə nümayiş etdirdiyi strateji liderlik xalqın iradəsini Zəfərə çevirmişdir.

Postmüharibə dövründə həyata keçirilən Böyük Qayıdış Proqramı işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin öz yurdlarına qaytarılması baxımından tarixi əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində müasir infrastrukturun qurulması, yaşıl enerji layihələrinin tətbiqi və sosial obyektlərin inşası bu siyasətin əsasını təşkil edir.

Son 21 ildə Prezident İlham Əliyev öz qətiyyətli liderliyi ilə Azərbaycanın müasir tarixində yeni bir dövr açmışdır. Onun rəhbərliyi altında Azərbaycan müstəqil, güclü və qlobal səviyyədə nüfuzlu bir dövlət kimi formalaşmışdır. Bu dövr həm sosial rifahın yüksəlməsi, həm də dövlətin beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsi ilə yadda qalmışdır. Azərbaycan “Qələbədən Qələbəyə” prinsipini həyata keçirmiş və dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur.