Xəbərlər
Azərbaycan uğurları ilə diqqətdədir

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Son 21 il Azərbaycanın həyatında biri-birindən əhəmiyyətli uğurlarla yadda qalır. Ölkə Prezidenti İlham Əliyevin bu illərdə həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi bu dövrün əsas prioritetləri sırasındandır.
Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın unkişafı üçün bunlar zəruridir” suala cavabında bildirmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycaın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb. Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə dinamik şəkildə inkişaf edir. Vəzifəmiz bundan ibarətdir ki, bu ənənələri inkişaf etdirək, sahibkarlara gözəl şərait yaradaq. Çünki iqtisadiyyatımızın birinci inkişaf mərhələsi dövlətin qayğısı ilə bağlıdır. İqtisadiyyatımızın növbəti mərhələsi isə məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Dövlət başçısı bu çağırışı da səsləndirmişdir ki, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğyul olacağam: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Przidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin.”
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək, sahibkarlığın inkişafını sürətləndirmək, insanların həyat səviyyəsini, rahat yaşayışını təmin etmək üçün Regional inkişaf proqramlarının icrasına start verildi. İqtisadiyyatın şaxələndirilməsində enerji sektorunda qazanılan uğurların rolunu nəzərə alsaq bu fikri böyük inamla qeyd edə bilərik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Bu layihələr təkcə iştirakçı deyil, dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar yaratdı. Ölkəmizin bu sektorda qazandığı uğurlar onun etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ilin mayında çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabr ayının son günü isə TAP istifadəyə verildi.
Qeyd etdiyimiz kimi, neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bir məqamı da unutmayaq ki, 2019-cu ilin sonlarından bütün dünya, o cümlədən Azərbaycan COVID-19-la mübarizə tədbirlərinin gücləndirilməsinə diqqət göstərdi. Bu dövrdə də Azərbaycan uğurları ilə diqqətdə oldu. Belə ki, cənab İlham Əliyev iqtisadi islahatların dərinləşdirilməsini prioritet məsələ kimi qarşıya qoyaraq bu çağırışı da etdi ki, heç bir sosial layihə təxirə salınmayacaq. Bu mübarizə başlayanda dünya dövlətlərində bir çaşqınlıq, iqtisadiyyatlarında durğunluq müşahidə edildi. Azərbaycan bu məsələnin qlobal problem olduğunu önə çəkərək onun aradan qaldırılması üçün birgə tədbirlərin görülməsinin vacibliyini bildirdi. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda dövlətimizin insanların sosial müdafiəsini gücləndirmək üçün atdığı addımları, sahibkarlara göstərilən dəstəyi yada salmaq kifayətdir. Həmin dövrdə minlərlə insanı əhatə edən sosial paket tətbiq olundu. Təkcə son 4 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir.
İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.
Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək edilmiş ödənişlərin məbləği 86 milyondan artıq manat təşkil edir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
Dövlətimizin iqtisadi inkişafının əsas göstəricilərindən biri də azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Böyük Qayıdış Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir Bu günədək 2417 ailə, 9306 nəfər dogma yurd-yuvasına qayıdıb. Cənab İlham Əliyev atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu təsdiqləyir.