YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bərabərlik, müstəqillik və suverenliyin vacibliyini vurğulayır

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

2024-cü ildə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm siyasi uğurlar nümayiş etdirməklə Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək və ölkə daxili məsələlərin həlli istiqamətində fəaliyyətini uğurla davam etmişdir. 2023-cü ilin ən mühüm siyasi uğuru ərazi bütövlüyü uğrunda uzun illər davam edən mübarizənin nəticəsi kimi  Azərbaycanın dövlət suverenliyini  bərpa etməsidir. Bunun nəticəsində 2024-cü ildə Ermənistanla münasibətlərin normallaşması prosesi yeni səviyyəyə qalxmış: iki dövlət arasında sərhəddin demarkasiyası və delimitasiyası prosesi başlamışdır.

Azərbaycanın müasir tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda prezident və parlament seçkiləri keçirildi. Bu seçkilər 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra suverenliyin və ərazi bütövlüyünün tam olaraq bərpasının rəmzi olan dövlətin siyasi inkişafında mühüm mərhələ olmuşdur. Şuşa, Xankəndi və işğaldan azad edilmiş bir sıra digər şəhərlər də daxil olmaqla, seçicilərə səsvermə imkanının yaradılması bu ərazilərin ölkənin siyasi, sosial və iqtisadi sisteminə inteqrasiyasında mühüm addım oldu. Bu, həm də dövlətin hətta münaqişədən sonrakı yenidənqurma kontekstində də demokratik prosesləri təşkil etmək və aparmaq bacarığını nümayiş etdirdi.

Baxmayaraq ki, Fransa, Hindistan və hətta ABŞ Ermənistana hücum silahları verməkdə davam edir ki, bu da onların regiondakı geosiyasi maraqlarından irəli gəlir, Azərbaycan hərbi üstünlüyünü qoruyub saxlamaqdadır. Ölkə silahlı qüvvələrini fəal şəkildə modernləşdirir, ən son sistemləri, o cümlədən pilotsuz uçuş aparatlarını və hava hücumundan müdafiə sistemlərini öz arsenalına daxil edir ki, bu da ordunun döyüş effektivliyini əhəmiyyətli dərəcədə artırır. Müdafiə Nazirliyindən verilən məlumata görə, 2020-ci ildən Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirərək bir sıra hərbi texnikaların modernləşdirilməsi istiqamətində mühüm işlər görmüş və müntəzəm olaraq hərbi təlimlər həyata keçirmişdir. Bu tədbirlər, eləcə də Türkiyə ilə strateji əməkdaşlıq Azərbaycanın mütləq hərbi üstünlüyünü təmin edir və regionda təhlükəsizliyə qarşı yaranan təhdidlərə effektiv cavab verməyə imkan yaradır. Prezident İlham Əliyevin bu yaxınlarda elan etdiyi kimi, ölkənin 2025-ci il üçün növbəti hərbi büdcəsi rekord məbləğdə olacaq və təxminən beş milyard dollar təşkil edəcək.

Rəsmi Bakı bəzi ölkələrin Azərbaycanın 2020-ci ildə qazandığı qələbədən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışmaq istəmədiyini yaxşı bilir. Paris, Vaşinqton, Brüssel və dünya siyasətinin bir sıra digər oyunçularının iki Qafqaz respublikası arasında sülhü dəstəkləmək barədə rəsmi bəyanatları bəzən onların hərəkətlərindən fərqlənir. Bunun birbaşa nümunəsi kimi 2 il əvvəl “Aİ-nın humanitar missiyası” adı altında Ermənistandakı xarici nümayəndələrin Azərbaycanla sərhəddə yerləşdirilməsi, hazırki  hərbi mövcudluğu genişləndirmək üçün bəhanə kimi istifadə olunur. Məlum olduğu kimi, “humanitar missiya” qondarma avropalı müşahidəçilərin pərdəsi altında Kanada nümayəndələrinin də qoşulmasından sonra NATO missiyasına çevrilib və hazırda iki ölkə sərhədində infrastruktur qurulur.

Buna baxmayaraq, İlham Əliyevin qonşularla, o cümlədən Ermənistanla danışıqlara peşəkar yanaşması, eləcə də regionda sülhün qorunması istiqamətində aktiv fəaliyyəti Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dəstək olmaqda davam edir. Prezidentin 2024-cü ildəki siyasi strategiyası da bəzən siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq tərəfdaşlarla əlaqələrin fəal şəkildə gücləndirilməsini əhatə edirdi. İqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanın Avropanın enerji xəritəsində mühüm oyunçu kimi mövqeyinin möhkəmlənməsinə töhfə verən iqtisadi və enerji layihələrinin genişləndirilməsi mühüm addım oldu.

Bundan əlavə, 2024-cü ildə "Böyük qayıdış" üzrə dövlət proqramı çərçivəsində, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması prosesi davam etdirilmişdir. Bu proses işğaldan azad edilmiş ərazilərdə normal həyatın bərpası istiqamətində mühüm mərhələdir. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar infrastrukturun yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial-mədəni obyektlərin bərpasına və yenilərinin tikilməsinə yönəlib. 2024-cü ildə yaşıl enerjiyə keçid çərçivəsində yeni yaşayış binaları və infrastruktur layihələri, həmçinin iş yerlərinin yaradılması və kənd təsərrüfatının bərpası layihələri davam etdirilmişdir.

Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində uğurlarından danışarkən qeyd etmək lazımdır ki, COP29 iqlim konfransının Azərbaycanda uğurla keçirilməsi iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal qərarların qəbul edilməsi prosesində mühüm addım oldu. Tədbir dünyanın aparıcı ekspertlərini, alimlərini, ekoloqlarını, siyasətçilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual ekoloji problemlərin müzakirəsi və davamlı inkişaf strategiyalarının hazırlanması üçün platforma rolunu oynamışdır. Azərbaycan konfransın ev sahibi kimi Cənubi Qafqazda ekoloji təhlükəsizliyin və iqlim dəyişikliyinə uyğunlaşmanın vacibliyinə diqqət yetirərək qlobal iqlim təşəbbüslərində fəal rolunu nümayiş etdirdi.

2024-cü ildə Bakı azərbaycanlıların müasir Ermənistan ərazisini təşkil edən torpaqlara, xüsusən də Qərbi Azərbaycana qayıtması məsələsinin həllinin vacibliyini dünya ictimaiyyətinə çatdırmaqda da uğurlar qazanmışdır. Bunun üçün Azərbaycan beynəlxalq platformalarla, o cümlədən BMT və digər təşkilatlarla fəal şəkildə əməkdaşlıq etmişdir. Bu da tarixi ədalətin bərpası istiqamətində mühüm addım olan məsələyə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artmasına səbəb olmuşdur. Bu ərazilər 20-ci əsrdə həyata keçirilən aqressiya siyasəti və etnik təmizləmələr nəticəsində onları tərk etməyə məcbur olmuş azərbaycanlıların tarixi vətənidir.

Yeni müstəmləkəçiliyə qarşı mübarizədə fəal iştirakını da dövlət başçısının mühüm uğuru hesab etmək olar. Fransa ən böyük müstəmləkəçi dövlətlərdən biri kimi dünyanın müxtəlif yerlərində bir çox xalqların istismarına və sıxışdırılmasına görə məsuliyyət daşıyır. Fransa son onilliklərdə xarici siyasətini dəyişsə də, bir çox ölkələr hələ də bu müstəmləkə mirasının nəticələrindən əziyyət çəkir. Bu isə öz, növbəsində narazılıq və müqavimətə səbəb olur. Neokolonializmə qarşı çıxmaqda Azərbaycan bərabərlik, müstəqillik və suverenliyin vacibliyini vurğulayır.

Prezident İlham Əliyevin dediyi kimi, “Sülh sadəcə müqavilədə atılan bir imza deyil”. Azərbaycan regionun bütün ölkələrinin və qlobal sabitliyin rifahı naminə Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün hər şeyi edir. 2024-cü il bu zəncirin mühüm halqası oldu. Bakının nüfuzu qlobal miqyasda artmaqda davam edir və İlham Əliyevin adı öz xalqının mənafeyi uğrunda sona qədər getməyə hazır olan bir liderin - ədalət mübarizinin adı kimi möhkəmlənmişdir!