YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əməkdaşlıq, birlik, sülh çağırışlarını davam etdirir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dekabrın 17-də dövlətimizin başçısı İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində hazırkı dövrdə regionda və dünyada baş verən hadisələrlə bağlı fikirləri, çağırışları ölkə mətbuatında geniş şəkildə şərh olunur. Ölkə Prezidenti müsahibədə  Azərbaycanın  xarici siyasət uğurlarından, müstəqil siyasətindən, regionda və dünyada dəyişikliklərin baş verməsi fonunda  Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişafından, Türkiyə ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində müttəfiqlik münasibətlərindən, hər il ölkələrimizin 10-dan çox birgə təlim keçirməsindən,  bunun Qafqazda sabitlik üçün mühüm amil olmasından, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlardan və onların yaratdığı təhlükələrdən, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan amillərdən və digər mühüm məsələlərdən bəhs etdi. 

“Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq” söyləyən cənab İlham Əliyev bildirdi ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik. Ticarət dövriyyəsi artır. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərin sayının artması buna əsas sübutdur. İndi onlar sovet illəri ilə müqayisədə azı iki dəfə çoxdur.

Müsahibədə diqqəti 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə yönəldən dövlətimizin başçısı vurğuladı ki, bu sənəd 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. 

Prezident İlham Əliyev jurnalistin Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyacın olub-olmaması ilə bağlı sualını da cavablandıraraq bildirdi ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir: “Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”.

Prezident İlham Əliyevin müsahibələrində diqqət çəkən məqamlardan biri də Ermənistana və onun havadarlarına çatdırdığı mesajlar olur. Bu baxımdan sözügedən müsahibə də belə çağırışlarla, mesajlarla zəngindir. Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırıldığını qeyd edən cənab İlham Əliyev bu məqamları da açıqladı ki, bu, birbaşa təhlükə deməkdir.  Bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. O da bildirildi ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Biz gələcəkdə də bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq.

Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan münasibətlərinə də diqqəti yönəltdi. Vurğuladı ki, Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Ona görə də orada vəziyyətin sabitliyinin pozulması hər iki ölkə üçün eyni dərəcədə zərərlidir.

Azərbaycan regionda və dünyada sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün daim əməkdaşlıq, birlik, həmrəylik çağırışları ilə diqqətdədir. Ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini atdığı hər bir addımın önündə saxlayır, bütün məsələlərin məhz bu meyarlar əsasında  nizamlanmasına səy göstərir. 

DİGƏR Xəbərlər Arxiv