Xəbərlər
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası
Azərbaycan dövlətinin ideoloji kursunda gənc nəslin vətənpərvər ruhda formalaşması, sağlam və savadlı vətəndaş kimi yetişməsi xüsusi yer tutur. Azərbaycan tarixində Heydər Əliyevin, müasir dövrdə isə Prezident İlham Əliyevin siyasi fəaliyyətində gənclərin inkişafına xüsusi dəstək göstərilməsi gələcəyə hesablanmış strategiyadır. Hələ sovet dövründə - 1970-1980-ci illərdə Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi çətin rejimdə gənclərin azərbaycançılıq ruhunda tərbiyəsi və düzgün inkişafı üçün bir çox əhəmiyyətli addımlar atıldı. Təhsilin əhatə dairəsi genişləndirildi, ən ucqar kəndlərdə belə məktəblər tikildi. Həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Lisey açıldı, Azərbaycan dili dövlət dili kimi Konstitusiyada təsbit edildi. Ulu Öndərin mədəniyyətimizə, ədəbiyyatımıza xüsusi qayğı və diqqəti milli mədəniyyətin inkişafına, milli dəyərlərin qorunub saxlanmasına xidmət etdi, gənclərimizin peşəkar kadr kimi yetişməsinə, keçmiş müttəfiq respublikaların nüfuzlu ali məktəblərində təhsil almalarına, müxtəlif vəzifələrdə irəli çəkilməsinə xüsusi yanaşıldı. Ulu Öndər Heydər Əliyev hələ o zaman uzaqgörənliyi sayəsində müstəqil Azərbaycan dövləti üçün baza yaratdı; savadlı, sağlam, milli kökə və dəyərlərə bağlı gənclərin yetişməsinə böyük önəm verdi və bunun üçün ayrı-ayrı istiqamətlərdə vacib addımlar atıldı. Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Məhz həmin baza əsasında yetişən gənclik azərbaycançılıq ruhu ilə müstəqil Azərbaycanın qurulmasında canından belə keçməyi bacardı.
Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ölkə özünün istiqlalını, varlığını itirmək təhlükəsində idi: “1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı düşmüş olduğu vəziyyətdən qısa müddətdə xilas etdi. Bu xilaskarlıq missiyasının kökündə müasir azərbaycançılıq ideologiyası dururdu.
Respublikamızda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Bu ideologiya ilə tərbiyə alan, böyüyən gənclərimiz dövlətçilik ənənələrinə, ideologiyasına sədaqət nümayiş etdirirlər. Bu gün gəncliyi öz ardınca aparan Prezident İlham Əliyev də gənclik illərində Heydər Əliyev məktəbini keçib. Vətən sevgisi, sədaqət və dəyanət kimi amilləri ehtiva edən bu məktəb özünün uğurlu məzunu və davamçısı tərəfindən müasir rakursda davam etdirilir. Məhz Vətənə, dövlətə bağlı olan gənclərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya nümunə ola biləcək yeni hərb tarixini yazdılar. “Torpaqdan pay olmaz” ənənəsinə sadiq qalan, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq üçün canından keçən gənclər bizim milli qürur yerimizdir. Ulu Öndər haqlı olaraq deyirdi ki, ölkəmizin tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu gün gənclərin hərtərəfli inkişafı yüksək səviyyədə təmin edilir.
Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin dövlət idarəçiliyində önə çəkilməsində Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclər forumlarının xüsusi rolu olub. Ulu Öndərin Sərəncamı əsasında I Gənclər Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi elan edildi. Sonrakı illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı”.
Deputat dövlətimizin başçısının gənclərə münasibətinin, dəstəyinin müqayisəolunmaz olduğunu vurğulayıb: “Prezident gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ardıcıl müxtəlif illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. “Gənclər İli”, “Könüllülər İli”, müxtəlif dövrlər üçün “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Yüksəliş” proqramı və digər layihələr gəncliyə diqqət və qayğının göstəricisidir. Bu proqram və layihələr çərçivəsində minlərlə gəncimizin müasir dövrün tələbinə uyğun inkişafına dövlət tərəfindən xüsusi dəstək verilir”.