YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir

Azərbaycan Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin tez bir zamanda təmin edilməsini dəstəkləyir. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması bölgənin strateji gündəliyinin və siyasi prioritetlərinin əsas mövzularından biridir. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.

Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə ilə Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Azərbaycan bölgənin gələcəyi naminə Ermənistana beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişi imzalamağı təklif edib. Uzun müddətdir davam edən sülh danışıqlarına baxmayaraq, Ermənistan sülh üçün zəruri şərtləri yerinə yetirməkdən yayınıb və prosesi ləngitməyə çalışır.

Deputat qeyd edib ki, Ermənistanın manipulyasiya və siyasi avantüralarının əsas məqsədi sülh prosesini iflasa uğratmaqdır. Paşinyan hakimiyyəti regionda formalaşan yeni əməkdaşlıq imkanlarını və təhlükəsizliyi təhdid edir, inkişaf perspektivlərinə zərbə vurmağa çalışır. Ermənistan, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərini görür və sülh prosesini pozaraq bu uğurlara mane olmağa çalışır.

Sevinc Fətəliyeva əlavə edib ki, Ermənistan əvvəllər KTMT-yə arxalanırdısa, son illərdə xarici siyasət oriyentasiyasını dəyişərək Qərbdən dəstək axtarır. Hazırda Ermənistan NATO-nu regiona cəlb etməyi və revanşist məqsədlərini Qərbin vasitəsilə reallaşdırmağı düşünür. Bəzi Qərb dövlətlərinin rəsmi açıqlamaları və Ermənistanın silahlandırılması onların bu siyasəti dəstəklədiklərini sübut edir.

Deputat, həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın hazırkı siyasətinin mahiyyətini düzgün qiymətləndirməli və onun əsl niyyətlərini bilməlidir. Əgər Ermənistan sülhə məcbur edilməzsə, regionda qeyri-sabitlik davam edəcək. Bir sıra Qərb dövlətlərinin, xüsusilə Fransanın Ermənistana verdiyi dəstək revanşizmə sövq edir. Bu dövlətlər 30 il ərzində Azərbaycan torpaqlarının işğalı zamanı susduqları halda, indi ədalətli mövqe tutmaq əvəzinə, Ermənistanı müdafiə etməyə çalışırlar.

“Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi ilə seçilir. Ermənistan isə işğalçı siyasətini davam etdirərək, beynəlxalq birliyin nəzərində Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışır. Regionda sülh və sabitliyin təmin olunmasını istəyən dünya gücləri Ermənistana təzyiq göstərməlidir. Lakin biz görürük ki, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Rəsmi İrəvan anlamalıdır ki, sülh əvəzinə hərbi təxribat yolunu seçərsə, layiqli cavabını alacaq”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv