YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan COP29 ilə beynəlxalq arenada liderliyini sübut etdi

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Azərbaycan daha bir beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi. COP29 ölkəmizin beynəxalq nüfuzu, iqtisadi qüdrəti və etimad gücünü bir daha ortaya qoydu. Bu, həm də 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqların nümayişi kimi də dəyərləndirilməlidir.

Müəyyən Qərb dairələri tərəfindən Azərbaycana qarşı qara piar kampaniyası aparılmasına baxmayaraq, bütün dünya ictimaiyyəti Bakının mühüm əlaqələndirmə və dialoq məkanı kimi etibarını və nüfuzunu aydın şəkildə görmüş oldu. Qərb ölkələrinin bəzi dairələrinin COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsinə, Azərbaycanın bu nəhəng tədbirə uğurla ev sahibliyi etməsinə olan qısqanc və riyakar münasibəti ortada olan acı faktdır. Onlar dünyanın iqlim problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya qarşı qərəzli mövqe tutdular. İkili standartlar Qərbin siyasi ikiüzlülüyünün növbəti nümunəsidir.

Canab İlham Əliyev COP29 Liderlər Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs etdi. Dövlətimizin başçısı bu məqamı xüsusi qeyd etdi ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Bu, əslində Qərb dairələrinin qərəz dolu real mənzərəsinin obyektiv tərifidir. Amma fakt faktlığında qalır ki, bu ölkələrin sağlam düşüncəli ictimai-siyasi dairələri, media qurumları da Azərbaycanın haqlı olduğunu və beynəlxalq təşkilatlara ev sahibliyi etməklə yüksək səviyyədə həyata keçirdiyini etiraf etdilər.

Hər bir beynəlxalq əhəmiyyətli tədbirin sonunda qəbul edilən Bəyannamələr gələcək fəaliyyətin konturlarını təqdim edir, həm ev sahibliyi edən, həm də iştirakçı ölkələrin gündəmə gətirilən məsələlərin həllində hansı potensial imkana malik olduqlarını nümayiş etdirir. Bu baxımdan COP29 iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın töhfələrinin, eyni zamanda, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarının təqdimatı üçün növbəti tribuna oldu.

Daha bir vacib detalı gözdən qaçırmayaq. Azərbaycanda hüquqi dövlətçiliyin inkişafını hədəfləyən absurd ittihamlara ən tutarlı cavab yenə COP29 nümunəsindən götürülə bilər. Azərbaycanın “COP Atəşkəsi” təşəbbüsünə 1200-dən çox təsisat, qeyri-hökuməti təşkilatı, nüfuzlu şəxsiyyətlərin qoşulması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafının təqdir edilməsidir. Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlə təsissatları təmsil edən on minlərlə insanın ölkəmizdə fəaliyyəti bu abursd ittihamlara ən tutarlı cavabdır.

Azərbaycan bir daha dünyaya ədalətli bir dövlət olduğunu göstərdi. Bəs bu mühüm beynəlxalq iqlim müzakirələrindən ölkəmizin qazancı nə oldu? İlk növbədə, Müxtəlif koloniya və imperiya altında olan xalqların Azərbaycan dövləti və xalqına qarşı etimadı daha da artdı. Bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Danışıqlar aparmış prioritetlərin balanslaşdırılmış paketinin təqdim edilməsinə paralel olaraq, COP29 Sədrliyinin Fəaliyyət gündəliyi daha geniş maraqlı tərəfləri qlobal iqlim fəaliyyətinə töhfə verməyə çağırıb. Fəaliyyət Gündəliyinin Təşəbbüsləri bəzi aktual problemlərə qarşı mübarizə aparır, unudulmuş prioritetlərə işıq salır, ev sahibi ölkənin təcrübəsinə və perspektivinə əsaslanan unikal həllər təklif edir. Bu təşəbbüslər bütün maraqlı tərəflərlə məsləhətləşmələr əsasında inklüziv və şəffaf şəkildə hazırlanıb. Onlar mövcud təşəbbüsləri tamamlayır və iqlim çağırışlarına yeni, yaradıcı yanaşmalar gətirir. Beləliklə, COP29 yeni çağırışlar və yanaşmalarla bəşəriyyətin xilası üçün mühüm platforma oldu.