YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün bəşəriyyətə xidmət edəcək nəticələr

“BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası öz möhtəşəm nəticələri ilə bütün dünyanı heyrətləndirdi. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə etdiyi paylaşımında Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi vurğulayıb”. Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaq qürurverici haldır. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək tərəflər arasında danışıqların qərəzsiz aparılması üçün bütün imkanları ən yüksək səviyyədə təqdim edə bildi. Dövlət başçımızın təşəbbüsü və səyləri ilə bütün proses boyunca Azərbaycan, ilk növbədə,  inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Eyni zamanda da ölkəmiz müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəyliyini bir daha nümayiş etdirdi. Bütün bunların nəticəsi olaraq, dünya tarixi Bakı nailiyyətinə şahid oldu.”       

K.Qafarov 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsinin hədəf seçilməsinin  möhtəşəm nailiyyət olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin dediyi kimi, Bakı  əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qarşıya qoydu. Bununla da Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri çox üstələmiş oldu. Bu isə bilavasitə Azərbaycanın COP29-un  Sədri olaraq apardığı intensiv, çoxtərəfli diplomatiya nəticəsində əldə olunmuş nailiyyətdir. Bu qərar qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Əldə olunmuş daha bir görkəmli nailiyyət “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”dür. Bu təşəbbüsə əsasən 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edilmişdir ki, həmin bəyanat çərçivəsində də İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı”.