Xəbərlər
Növbəti uğurumuz
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
11-22 noyabr tarixlərində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etdi. 196 ölkədən 72 mindən çox iştirakçının qatıldığı COP29 Azərbaycanın növbəti uğuru oldu. İştirakçılar sırasında 80 Prezident, vitse-prezident və Baş nazirlər var. Bu, Azərbaycana, dövlət başçısı İlham Əliyevə böyük etimadın göstəricisi idi. COP29 yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı COP29-a konkret iqlim gündəliyi təqdim edərək iqlim maliyyələşməsi, qlobal istiliyin fəsadlarından daha çox əziyyət çəkən kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin yol xəritəsini nümayiş etdirdi, dövlət və beynəlxalq institutlarla yanaşı, özəl sektorun maliyyə mənbələrinin də iqlim dəyişmələri ilə mübarizəyə cəlb olunması və həmin vəsaitlərin kasıb ölkələrə daha güzəştli şərtlərlə təqdim olunması təklifini irəli sürdü. COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu. COP29 Sədrliyi və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib.Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 750 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.
Azərbaycanın “COP29”-a ev sahibliyi etməsi böyük hadisədir. Bu ilk öncə onu göstərir ki, Azərbaycan müasir çağırışların öncüllərindən biri və qlobal problemlərə həssaslıqla yanaşan bir ölkədir. COP29 tədbirlərində təkcə mövcud problemlər müzakirə edilmədi, həm də gözlənilən problemlərə diqqət yönəldirildi. BMT-nin qlobal miqyaslı tədbirinin Azərbaycanda keçirilməsi həm də ölkəmizin imicinin artırılmasına xidmət edir. COP29 Azərbaycanın dünya birliyinə inteqrasiyasına, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsinə mühüm töhfə verəcək. Azərbaycan COP29-a ev sahibliyi etməklə və özü də kifayət qədər uğurlu ev sahibliyi etməklə beynəlxaq münasibətlər sistemindəki rolunu daha da möhkəmləndirdi.