YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qələbə və milli birliyin rəmzi

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

25 noyabr 2020-ci il tarixi, 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonunun işğaldan azad olunduğu gündür. Azərbaycan xalqı uzun illər ərzində bu günü səbirsizliklə gözləyirdi. 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan Üçtərəfli Bəyanat, Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan, 44 günlük Vətən müharibəsi ərzində işğalda olan torpaqları hərbi yolla azad etmiş, noyabrın 20-də Ağdam, 25 noyabrda isə Kəlbəcər rayonunu siyasi yolla xalqımıza qovuşdurmuşdur. Kəlbəcər, Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürüdüyü hərbi-siyasi yolun davamı olaraq, bir güllə atılmadan azad edilmiş və düşmən rayondan çıxmağa məcbur edilmişdir. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik sahədə də qalib olmasının göstəricisidir.

Kəlbəcərin azad edilməsi Azərbaycanın böyük tarixi Qələbəsinin diplomatik təsdiqi oldu. Bu hadisə ilə Azərbaycan, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini və digər beynəlxalq qərarları faktiki olaraq özü yerinə yetirdi. Bununla, bütün dünya şahid oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycan xalqı milli birlik və həmrəylik nümayiş etdirərək qalib gəldi. Kəlbəcər, 1993-cü ilin aprel ayında Ermənistanın işğalına məruz qalmış, 60 min kəlbəcərli isə qaçqın vəziyyətinə düşmüşdür. İşğaldan əvvəl, rayonda 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla, 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcər sakinləri müxtəlif rayonlarda qaçqınlıq şəraitində yaşayıb, ərazidəki 13 minədək fərdi mənzil və 37 min 852 hektar meşə sahəsi isə ermənilər tərəfindən talan edilmişdir.

Kəlbəcərin işğal altına düşməsi, Ermənistanın işğalçılıq siyasətinə böyük üstünlüklər qazandırmışdır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Kəlbəcərin işğal edilməsi Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə birbaşa əlaqəlidir və bu, torpaqlarımızın itirilməsinin əsas səbəblərindən biri olmuşdur. 1990-cı illərin əvvəllərində daxili çəkişmələr və hakimiyyət uğrunda mübarizə nəticəsində Azərbaycanın torpaqları işğal altına düşmüşdür.

Kəlbəcərin işğaldan azad edilməsi, erməni vandalizminin və barbarlığının növbəti nümunəsini ortaya qoymuşdur. İşğalçılar, Kəlbəcərdəki tarixi abidələrə, təbiətə böyük ziyan vurmuş, ekoloji mühitin pozulmasına səbəb olmuşlar. Kəlbəcərin işğalından sonra ermənilər, evlərə və bağlara od vuraraq Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı vəhşi hərəkətlərini nümayiş etdirmişlər. Kəlbəcərin tarixi alban kilsələri və mədəni abidələri isə ermənilər tərəfindən saxtalaşdırılaraq erməniləşdirilmişdir. Bu abidələr Azərbaycanın tarixi sərvətidir.

Kəlbəcər həmçinin Azərbaycan üçün mühüm iqtisadi və strateji əhəmiyyətə malikdir. Rayon ərazisində qızıl, civə, tuf, gil, perlit, mərmər və digər qiymətli sərvətlər mövcuddur. Kəlbəcərdəki müalicəvi su yataqları da bölgənin turizm və sanatoriya potensialını artırır.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Kəlbəcərin azad edilməsi uğrunda döyüşlərdə iştirak edən 9455 hərbi qulluqçu bu medalla təltif olunmuşdur. Əlamətdar günün əbədiləşdirilməsi məqsədilə, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü olaraq təsis edilmişdir. Bu gün bütün Azərbaycan xalqı üçün böyük Qələbə və milli birliyi simvolizə edən əlamətdar bir gündür.

DİGƏR Xəbərlər Arxiv