YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Qələbə və böyük quruculuq yolunda

“Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistanın ordusu tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min nəfər kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub”.

Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırladıb ki, erməni vandalları işğal etdikləri digər ərazilərimizdə olduğu kimi,  Kəlbəcərdə də talançılıq ediblər: “İşğal nəticəsində rayonun bütün infrastrukturu talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Cenevrə Konvensiyasının prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdır. BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ifadə olunan 822 saylı Qətnamə qəbul etsə də, rəsmi İrəvan həmin Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar da onun icrasını uzun illər ərzində tələb etmədilər. Bu səbəbdən 2020-ci il sentyabrın 27-də, düşmənin növbəti hərbi təxribatlarından sonra Prezident, Ali Baş Komandan  İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoydu və beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əsasən,  2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub”.

K.Qafarov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra bu rayonda aparılan bərpa-quruculuq işləri bütün digər ərazilərimizdə olduğu kimi, Prezident İlham Əliyevin şəxsi nəzarətindədir: “Hazırda Kəlbəcərdə möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan sonra ilk dəfə 2021-ci il avqust 16-da Kəlbəcərə səfər edən dövlət başçısı bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü ucalmışdır. Həmin tarixi gündən sonra ötən müddət ərzində Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir. Bu səfərlərin hər biri önəmli hadisələrlə əlamətdar olmuşdur. Son dörd ildə gedən proseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunur”.

DİGƏR Xəbərlər Arxiv